Litva millisinin baş məşqçisi: “Hakim qərarları Azərbaycan millisinin xeyrinə idi”

4 Oktyabr 2026 20:45
89
Litva millisinin baş məşqçisi: “Hakim qərarları Azərbaycan millisinin xeyrinə idi”

Litva futbol millisinin baş məşqçisi Edqaras Yankauskas UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla keçirilən qarşılaşmadan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, mütəxəssis Bakıda 0:1 hesabı ilə başa çatan oyunda komandaların səviyyə baxımından bir-birinə yaxın olduğunu bildirib.

Yankauskasın sözlərinə görə, Litva millisi yaratdığı imkanlardan yararlana bilməyib, Azərbaycan isə qol vəziyyətini daha yaxşı dəyərləndirib:

“Meydanda səviyyəcə bir-birinə yaxın iki komanda mübarizə aparırdı. Biz qol imkanlarımızdan istifadə edə bilmədik. Azərbaycan millisi isə bu baxımdan daha effektiv oldu. Rəqibimizi qələbə münasibətilə təbrik edirəm”.

Baş məşqçi nəticədən sonra qrupda birinci yer uğrunda mübarizənin artıq yalnız Litvanın özündən asılı olmadığını da qeyd edib.

O, matçın hakimliyi ilə bağlı narazılığını gizlətməyib:

“Qrupda birinci olmaq artıq yalnız bizim əlimizdə deyil. VAR epizoduna gəldikdə isə düşünürəm ki, hakim bir çox məqamda Azərbaycan millisinin xeyrinə qərarlar verdi. Buraxdığımız qoldan əvvəl rəqib futbolçunun qaydanı pozduğunu hesab edirəm. Bundan başqa, bir sıra epizodlarda da hakim Azərbaycan komandasına daha çox simpatiya göstərdi”.

İdman.Biz