“Əvvəlki formatda keçirilən turnirdə formal oyunlar olurdu”.
İdman.biz xəbər verir ki, bunu “Tottenhem”in baş məşqçisi Ange Postekoqlu deyib.
Təcrübəli mütəxəssis “Qarabağ”la sabah keçiriləcək görüşdən əvvəl Avropa Liqasının yeni formatına toxunub: “Bəzi komandalar mərhələni öncədən təmin edirdi. İndi isə 8 fərqli komanda ilə, müxtəlif üslubda oynayan rəqiblərlə daha çox görüş keçirəcəyik. Ən əsası isə odur ki, biz də bu turnirdəyik. Mövsüm üçün heyətimizi qurmuşuq. 50-dən çox oyun keçirəcəyik. Düşünməyin ki, hansısa futbolçu bütün görüşlərdə oynayacaq. Hər oyunçu təxminən 35 matça çıxacaq. Amma hər qarşılaşmada rotasiya etməyi düşünmürük”.
Qeyd edək ki, Londonda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İdman.biz