“Qarabağ” son illərdə özünə yad olan durumla üzləşib.
İdman.biz xəbər verir ki, Qurban Qurbanovun yetirmələri uğursuz seriya yaşayır.
Azərbaycan çempionu ardıcıl üç quruhesablı məğlubiyyət alıb. Bu, “qara zolaq” Zaqrebdə başlayıb.
Çempionlar Liqasının pley-offunda “Dinamo”dan üç cavabsız qol buraxan ağdamlılar Premyer Liqada “Turan Tovuz” önündə də aciz qalıb – 0:1. Xorvatiya çempionu da cavab matçında tovuzlular kimi Bakı səfərində qol buraxmadan, amma iki qolla qalib gəlib.
Son üç görüşdə qol vurmadan uduzan və ümumilikdə altı top buraxan çempionun “qara və quru zolağı” Bolqarıstan səfərindən sonraya təsadüf edib. “Lüdoqorets”i 7:2 məğlub edən təmsilçimiz həmin bolqollu görüşdən sonra rəqib qapısının yolunu “itirib”.
Qeyd edək ki, “Qarabağ” növbəti matçını Premyer Liqada, sentyabrın 1-də “Zirə”yə qarşı keçirəcək.
İdman.biz