İspaniya La Liqasının səkkizinci turunda “Levante” və “Sevilya” komandaları arasında keçirilən qarşılaşma 3:3 hesablı heç-heçə ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, “Syudad de Valensiya” stadionunda keçirilən görüşdə altı qoldan üçü ikinci hissəyə əlavə olunmuş dəqiqələrdə vurulub.
Əndəlüs təmsilçisi əvvəlcə iki top fərqi ilə önə keçib. Şotlandiyalı Robbi Yur 13-cü dəqiqədə hesabı açıb, 54-cü dəqiqədə isə onun ötürməsindən sonra Feliş Korreya qonaqların üstünlüyünü artırıb. Meydan sahibləri 57-ci dəqiqədə Roher Brugenin məhsuldar ötürməsini qola çevirən İvan Romeronun sayəsində fərqi azaldıblar.
90+2-ci dəqiqədə “Levante”nin müdafiəçisi Adrian de la Fuente hesabı bərabərləşdirib - 2:2. Lakin 90+5-ci dəqiqədə “Sevilya”nın hücumçusu İsaak Romero Yussuf Fofananın ötürməsindən sonra fərqlənərək qonaqları yenidən önə keçirib - 2:3.
Bununla belə, “Levante” 90+10-cu dəqiqədə İfeanyi Ndukvenin qolu sayəsində növbəti dəfə məğlubiyyətdən xilas olub və qarşılaşmanın yekun hesabını müəyyənləşdirib - 3:3.
