Elmar Baxşıyev: “Onların faydalı olacaqlarına inanırıq”

Xəbərlər
13 İyul 2024 15:38
182
Elmar Baxşıyev: “Onların faydalı olacaqlarına inanırıq”

“Hazırlığımız plan üzrə davam edir. Nəzərdə tutduğumuz kimi, futbolçular gün ərzində iki məşq keçirlər”.

İdman.biz xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev deyib.

44 yaşlı mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında Türkiyənin Ərzurum şəhərindəki hazırlıq prosesini dəyərləndirib: “Səhər hazırlığı zamanı fiziki, axşam çalışmasında isə taktiki-texniki təmrinlər yerinə yetirilir. Hər kəs anlayır ki, çempionatda uğur qazanmaq üçün bu gün daha çox çalışmalıyıq”.

Baş məşqçi komandanın düşərgəsinə Türkiyədə qoşulan Benny və Felipe Santosla bağlı da danışıb: “Hər iki futbolçu digər oyunçular kimi fiziki yükləmələri alırlar. Durumları qənaətbəxşdir. Bir neçə gündən sonra kollektiv məşqlərə qoşulacaqlar. Onların komandamıza faydalı olacaqlarına inanırıq”.

Mütəxəssis zədə və ya hansısa səbəbdən kənarda qalan futbolçunun olub-olmadığına da aydınlıq gətirib: “Zədə üzündə Ramin Nəsirli bizə qoşula bilmədi. O, Bakıda keçirdiyimiz yoxlama matçında zədələndi. Buna görə də komanda ilə birgə Erzuruma gəlmədi. Qalan futbolçular tam gücləri ilə hazırlıq keçirlər”.

Qeyd edək ki, hazırlıq çərçivəsində “Araz-Naxçıvan” iyulun 16-da “Alanyaspor”la yoxlama matçı keçiriəcək. Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Bundan sonra daha 2 matçda gücünü sınayacaq komanda iyulun 25-də Bakıya dönəcək.

İdman.biz