“Kəpəz”in futbolçusu Gəncədə keçiriləcək finaldan danışdı

17 Sentyabr 2026 17:16
91
“Kəpəz”in futbolçusu Gəncədə keçiriləcək finaldan danışdı

“Fanatlar üçün böyük futbol bayramı olacaq. Düşünürəm ki, hazırda final üçün ən uyğun və gözəl məkan Gəncə stadionudur. Burada atmosfer tamam fərqli olur”.

Bu sözləri “Kəpəz”in futbolçusu Vadim Abdullayev Azərbaycan Kubokunun final oyununun Gəncədə keçiriləcəyi ilə bağlı qərara münasibət bildirərkən deyib.

Təcrübəli yarımmüdafiəçi doğma meydanda final oynamaq arzusundan və komandanın motivasiyasından söz açıb.

“Çox istəyirik ki, finalçılardan biri biz olaq. Necə olacağını zaman göstərəcək. Amma həqiqətən də, azarkeşlərimiz önündə final oynamağı çox arzulayırıq”, - deyə o futbolpress.az-a açıqlamasında vurğulayıb.

V.Abdullayev Gəncə stadionundakı möhtəşəm dəstəyin komandaya verdiyi əlavə gücə də toxunub:

“Gəncədə böyük azarkeş kütləsi var. Futbolçular məsuliyyəti dərk edir və çalışırıq ki, fanatlarımızı sevindirək. Belə atmosferdə oynamaq böyük stimuldur. Qələbələrdə azarkeşlərimizin də payı var. İnanıram ki, birlikdə olsaq və çox çalışsaq, istədiyimiz uğurlara imza ata bilərik”.

Qeyd edək ki, Azərbaycan Kubokunun finalı tarixdə ilk dəfə Gəncədə keçiriləcək. 2027-ci il mayın 12-nə planlaşdırılan həlledici matç Gəncə şəhər stadionunda oynanılacaq.

İdman.Biz