Başa çatmaqda olan həftə “Neftçi”nin yeni baş məşqçisinin müəyyənləşməsi ilə yadda qalıb.
İdman.biz xəbər verir ki, Azərbaycanın ən köklü klubu Roman Qriqorçukla müqavilə imzalayıb.
Bu, ukraynalının ölkəmizə ikinci gəlişidir. O, 2015-ci ilin əvvəlindən 2018-ci ilin yayına qədər “Qəbələ”yə rəhbərlik edib.
İdman.biz Ukraynadan olan məşqçilərin Azərbaycan fəaliyyətini nəzərdən keçirir.
Cığıraçan və davamçısı
İndiyədək 11 ukraynalı məşqçi Azərbaycan klublarına rəhbərlik edib. Bu mənada cığıraçan Anatoli Konkov olub. O, 2004-cü ilin yayında “İnter”in “sükanı arxası”na keçib. İlk mövsümdə komandanı kubokun finalına daşıyan mütəxəssis klubun vitse-prezidenti də olub. Hətta AFFA əleyhinə qiyama cəhddə ön sıralarda da yer alan Konkov 2006-cl ilin yazında istefa verib. Vitse-prezident kimi qalan ukraynalı həmyerlisi Oleq Smolyaninovu, az sonra isə Valentin Xodukini baş məşqçi təyin edib. Konkovlu “İnter” 63 matçda 33 qələbəyə sevinibsə, Smolyaninovla 6 qarşılaşmadan üçündə qalib olub.
Yeganə çempion
Məhz Konkovun Azərbaycana gətirdiyi Valentin Xodukin ölkəmizdə çalışmış ən uğurlu ukraynalıdır. 2005/06 mövsümünün sonlarında “İnter”in baş məşqçisi təyin edilən mütəxəssis daha üç mövsüm Bakı klubuna rəhbərlik edib. Konkovun gedişindən sonra da “İnter”də qalan Xodukin Azərbaycan çempionu olan ilk xarici və yeganə ukraynalı baş məşqçi kimi düşüb. Komandası onunla gümüş medala da yiyələnib. O, həm də iki dəfə kubokun finalının həyəcanını yaşayıb. 2008/09 mövsümünün finalı isə onun son matçı olub. Xodukin “İnter”i çıxardığı 113 qarşılaşmanın 69-da qələbəyə sevinib.
Üç “P” ilə üçüncülüyə
Zaqatala futbol tarixinin Premyer Liqadakı ən böyük uğuru “Simurq”la bağlıdır. Artıq tarixin yaddaşına köçən klubun ən yaxşı dövrləri isə ukraynalılarla bağlı olub. 2005/06 mövsümündə I liqada komandaya öncə Anatoli Piskovets, ardınca Viktor Pışev başçılıq edib. Birinci ilə 22 oyunda 10 qələbə qazanan komanda yeni məşqçisi ilə 100 faizlik nəticəyə imza atıb: 10 matçda 10 qalibiyyət. Premyer Liqaya vəsiqə qazanan “Simurq” baş məşqçisini dəyişib. Yenə “P” hərfi ilə başlayan soyada üstünlük verən klub Roman Pokoranı bu posta gətirib. O, ardıcıl 4 tam mövsüm klubda çalışmaqla ukraynalıların Azərbaycan rekorduna imza atıb. Komandası ilə bürünc medal qazanan, onu avrokuboklara daşıyan mütəxəssis 2006-2010-cu illərdə 126 matçda 52 qələbəyə sevinib.
Məğlubedilməz
2005/06 mövsümündə “Xəzər Lənkəran” da ukraynalı baş məşqçi gətirib. Çempionatın ikinci yarısında komandaya gələn Viktor Pasulko ilə 13 matçda məğlubiyyət qeydə alınmayıb. Amma turnir cədvəlində durumu yaxşı olmayan komanda kubokda uduzub. Avrokuboklardan kənar qalan klub mütəxəssislə vidalaşıb. Pasulkolu komanda ümumilikdə 17 görüşdə 9 dəfə qalib gəlib.
Sonuncu
Qısa müddət fəaliyyət göstərən “MKT-Araz” da ukraynalı mütəxəssisə ehtiyac duyub. İmişli klubunun sonuncu baş məşqçisi İqor Nakoneçnı olub. 2005-ci ilin yayında komandanın “sükanı arxası”na keçən çalışdırıcı 2007/08 mövsümünün startında avrokubok həyəcanından sonra işsiz qalıb. “MKT-Araz” “Qrotslin”i keçə bilmədikdən sonra fəaliyyətini dayandırıb. Nakoneçnı komandası ilə Azərbaycan kubokunun finalına qədər irəliləsə də, həlledici matçda “Xəzər Lənkəran”a uduzub. İmişli klubu onun rəhbərliyi altında 69 qarşılaşmada 31 qalibiyyət dadıb.
“Neftçi”nin ilki
Qriqorçuk “Neftçi”nin tarixində ilk ukraynalı baş məşqçi olmayacaq. Onadək Anatoli Demyanenko da “ağ-qaralar”ı çalışdırıb. Kiyev “Dinamo”sunun sabiq kapitanı 2007/08 mövsümünün yarısında “sükan arxası”na keçib. O, “ağ-qaralar”la bürünc medal qazanıb. Avrokuboklarda Azərbaycan klubu ilə 2 mərhələ keçən ilk baş məşqçi olub. Amma İntertoto kubokundakı uğurun altında Premyer Liqadakı uğursuz start onun istefası ilə nəticələnib. Bakılılar onun rəhbərliyi altında 26 qarşılaşmada 15 qələbəyə seviniblər.
Rekordlar bir arada: Dörd medal, iki final, iki qrup
Artıq “Neftçi”ni çalışdıran Qriqorçuk da Xodukin və Pokora kimi 4 fərqli mövsümdə Azərbaycan klubuna rəhbərlik edib. O, 2014/15 mövsümünün ikinci yarısında və növbəti üç futbol ilində iş başında olub. O, ukraynalılar üçün Azərbaycanda rekord sayda – 4 medal qazanıb. Hər mövsümü “üçlük”də bitirən “Qəbələ” Qriqorçukla 2 gümüş və 2 bürüncə yiyələnib. O, kubokun da finalına iki dəfə komanda çıxarmaqla Xodukinə çatıb. Hər iki cəhd uğursuz alınıb. Mütəxəssis “Qəbələ”ni 156 matça çıxarıb və 75 qələbəyə şahid olub. Hər iki göstərici ukraynalılar üçün Azərbaycan rekordudur. Məhz onun rəhbərliyi altında ardıcıl iki dəfə 4 təsnifat mərhələsi keçən “qırmızı-qaralar” qrupa vəsiqə qazanıb. Bu, Avropa Liqasının yeni rekordu olub.
Sındrom qırıldı
Konkov, ardınca Nakoneçni, hərəyə 2 dəfə Xodukinlə Qriqorçuk Azərbaycan kubokunun finalına qədər irəliləsə də, ukraynalılar bu titula sahib ola bilmirdilər. Bu sindrom 2017/18 mövsümündə qırılıb. Finalda iki ukraynalının komandası üz-üzə gəlib. Qrirorçuklu “Qəbələ” Yuri Maksimovun “İnter”inə uduzub. Sonuncu Azərbaycanda kubok qazanan ilk (hələlik yeganə), titul qazanan ikinci (hələlik sonuncu) baş məşqçi olub. Maksimov Bakı təmsilçisini ümumilikdə 18 matça çıxarıb. Onun yetirmələri 8 dəfə qalib gəliblər. Maksimov həm də Azərbaycanda çalışan sonuncu ukraynalı olub. Onun istefa verdiyi 2018/19 mövsümündən sonra həmyerliləri klublarımızda işləməyib. Ukraynalılarsız 4 mövsümdən sonra Qriqorçuk ölkəmizə qayıdıb.
Tarixdə ilk
Qriqorçuk “Neftçi” ilə anlaşan kimi bir ilkə imza atıb. O, Azərbaycanda iki fərqli klubda çalışan birinci ukraynalı olub. Onun 10 həmyerlisi isə yalnız bir komandaya rəhbərlik edib. “İnter”də 4, “Simurq”da 3, “Xəzər Lənkəran”, “MKT-Araz” və “Qəbələ”də 1 ukraynalı baş məşqçi çalışıb. “Neftçi”də isə bu rəqəm artıq ikiyə çatacaq.
İki titul
Ümumilikdə ukraynalılardan dördü – Xodukin, Qriqorçuk, Demyanenko və Pokora Azərbaycanda çempionatın medalını qazanıb. Onların ümumi qazancı 1 qızıl, 3 gümüş və 4 bürünc mükafatdır. Kubokun final həyəcanını 7 dəfə yaşayan ukraynalılar 1 dəfə qalib olublar. Ölkəmizdə iki titul – çempionluq və kubok qazanan ukraynalı məşqçilər Azərbaycan klublarını bütün turnirlər nəzərə alınmaqla 629 oyuna çıxarıb. Bunların təxminən yarısında – 315 dəfə qalibiyyət qeydə alınıb. Premyer Liqadakı 445 matçda da eyni nisbət yaşanıb – 222 qələbə.
Vüqar Xeyrullayev
İdman.biz