“Çox vacib 3 xal qazandıq. Yaxşı sayacağımız oyunlardan deyildi, ancaq yaxşı mübarizə apardıq meydanda”.
Bu sözləri “Zirə”nin və Azərbaycan milli komandasının futbolçusu Ceyhun Nuriyev futbolpress.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik:
– Premyer Liqada 100-cü oyuna çıxdınız. Hissləriniz necədir?
– Yubiley haqda deyiləcək çox söz yoxdur. Mənim üçün müsbət statistikadır.
– Yubiley oyununda qələbə qazandınız. “Sumqayıt”la oyun (1:0) haqda fikirləriniz nədir?
– Çox vacib 3 xal qazandıq. Yaxşı sayacağımız oyunlardan deyildi, ancaq yaxşı mübarizə apardıq meydanda. İkinci hissə rəqibə oynamağa imkan verdik, ona görə də qol epizodları yarandı və cərimə meydançamıza girmələrinə imkan verdik. Amma yaxşı müdafiə olunub, layiqli qələbə qazandıq.
– Komanda mövsümə yaxşı başlasa da, eniş hiss edilir. Bu nə ilə bağlıdır?
– Hər komandanın mövsümün müəyyən hissəsində enişi olur. Səbəb çox şey olabilər. Bizdə son vaxtlar zədələlilər də çoxdu, hansı ki, komandanın oyununa təsir edir. Vacib olan belə vəziyyətdə maksimum gücümüzü ortaya qoyub qələbələr qazanmağımızdı.
– Qarşıdan milli fasilə gəlir. Abbasovdan dəvət gözləyirsinizmi? Və İslandiya ilə Fransaya qarşı oyunlar haqda nə düşünürsünüz?
– Dəvət gözləyirəm. Millidə olmaq qürurdu. Son oyunlarda əzmkarlıq göstəririk. Rəqiblərə çətinlik yaratmağı bacarırıq. Xal qazanacağımıza inamımız yüksəkdi.
– İslandiyaya səfərdə 0:5 hesabıyla məğlub olmuşunuz. Revanş niyyəti var?
– Nəticə ilk oyundakı kimi olmayacaq. Qələbə üçün çıxacıyıq meydana. Bunu edəcəyimizə inanırıq.
– Abbasovun gəlişindən sonra oyun baxımından artım var. Komandada nə dəyişdi ki? Heyət eyni, oyun fərqli
– Dəyişməyən şey komandanın hər 2 məşqçinin dönəmində oyuna inamla, xal qazanmaq üçün çıxmağı idi. Dəyişən şey Abbasovun dönəmində meydandaki vuruşqanlığımızın artırmağımızdı. Nisbətdə daha inamlıyıq, toplu oyunda daha çox inanırıq özümüzə. O inamı aşılaya bilib bizə. Amma bununla kifayətlənmirik.
– Hücum xəttində yer alan oyunçuların komandalarındakı praktikası azdır. Hücumameyilli oyunçu kimi artıq yük sizə düşür. Əlavə məsuliyyət hansısa təzyiqə səbəb olmur?
– Məsuliyyət hiss edirəm, amma təzyiq yoxdu. Özünə inanandan sonra təzyiq azalır. Millidə qollar və asistlər etmək istəyirəm və bunun üçün səbirsizlənirəm.
– Yığmada hələ qol hesabınızı açmamısınız. Debüt qolunu İslandiyaya, ya Fransaya qarşı vurmaq daha xoş olar?
– Möhtəşəm olar. Məqsədim də budur. Debüt qolunu bu oyunlarda vurmağım üçün çalışacam.
– Seçim şansınız olsa, islandiya, ya Fransa? Çünki fransızlara vuracağını qol milli tarixinin onlara qarşı vurulmuş ilk qolu olacaq…
– Seçim şansım olsaydı, əlbəttə Fransa. Bu tarix olardı. Hətta bunu Parisdə vurmağı xəyal edirdim, ancaq təəssüf ki, xəstəliyim oldu, oynaya bilmədim. İnşallah Bakıda bunu edəcəm.
