Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatında yarımfinal döyüşləri başa çatıb.
İdman.Biz xəbər verir ki, mərhələnin son günündə Azərbaycan millisinin daha üç idmançısı adını finala yazdırıb.
Nurlan Müseyibli (66 kq) Arda Fidanla (Türkiyə) gücünü yoxlayıb. Rəqibini 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edən boksçu Avropa birinciliklərində ardıcıl üçüncü dəfə finala yüksəlib. Qitə çempionatının son qalibi həlledici görüşdə Evander Dikinsonla (İngiltərə) üz-üzə gələcək.
Yusif Ağakişiyev (75 kq) ardıcıl ikinci döyüşünü də vaxtından əvvəl xeyrinə bitirib. 1/4 finalda cəmi 45 saniyəyə tam üstünlüklə qalib gələn milli üzvü yarımfinalda Oleksandr Tomiçi (Ukrayna) ikinci raundda təslim edib. O, finalda Tomas O Reyli (İrlandiya) ilə qüvvəsini sınayacaq.
Mehran Rəsulov (80 kq) isə Valeri Todorovdan (Bolqarıstan) güclü olub. İlk raundu xeyrinə bitirən boksçu ikinci raundda tam üstünlüklə qalib gəlib. Rəsulov qızıl medal döyüşündə Serqiy Kotovski (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.
Digər boksçulardan Onur Qurbanov (42 kq), Elcan Musazadə (50 kq) və Ərdəm Təkin (90 kq) Avropa çempionatında bürünc medala sahib olublar.
Qeyd edək ki, bu gün baş tutacaq finallarda daha iki boksçumuz rinqə çıxacaq. Nəsrin Abdullazadə (40 kq) Madlin Laverik-Arnotla (İngiltərə), Xumar Cəfərli (75 kq) Yağmur Eryurtla (Türkiyə) üz-üzə gələcək.
