Britaniyalı ağır çəkili boksçular Tayson Fyuri və Entoni Coşua uzun illər davam edən müzakirələrdən sonra nəhayət, rinqdə üz-üzə gəlməyə hazırlaşırlar.
İdman.Biz xəbər verir ki, BBC dekabrın 12-də Kardiffdə keçiriləcək döyüş öncəsi hər iki boksçunun Britaniya boksunun inkişafındakı rolunu təhlil edib.
Fərqli xarakterlərə və karyera yollarına malik olan Fyuri və Coşua ağır çəkili boksun populyarlığını yeni səviyyəyə yüksəldərək milyonlarla insanın bu idman növünə maraq göstərməsinə səbəb olublar.
Britaniya boksunda inqilab
Uzun illər ağır çəkidə ən möhtəşəm döyüşlər Böyük Britaniyadan kənarda keçirilirdi. Lennoks Lyuis karyerasının ən mühüm qarşılaşmalarından bəzilərini Las-Veqas və Memfisdə keçirirdi. Kliçko qardaşlarının hakimiyyəti dövründə isə titul uğrunda döyüşmək istəyən boksçular Almaniyaya üz tuturdular.
2015-ci ilin noyabrında Fyurinin Düsseldorfda Vladimir Kliçkoya qalib gəlməsi vəziyyəti dəyişdi. Beş aydan da az müddət sonra Coşua Londonun O2 arenasında Çarlz Martini nokaut edərək peşəkar karyerasının 16-cı döyüşündə ilk dünya çempionluğu titulunu qazandı.
BBC-nin boks eksperti Stiv Bans Britaniya boksundakı inqilabın məhz həmin altı aylıq dövrdə başladığını bildirir.
2017-ci ildə Coşua Londonun “Uembli” stadionunda 90 min tamaşaçı qarşısında Vladimir Kliçkonu məğlub etdi. Fyurinin Deontey Uaylderlə üç döyüşü isə onun ABŞ-də də böyük populyarlıq qazanmasına səbəb oldu.
Bansın sözlərinə görə, hər iki boksçu səkkiz il ərzində stadionlarda keçirilən ümumilikdə səkkiz möhtəşəm döyüşdə iştirak edərək Britaniya boksunun tarixini yenidən formalaşdırıb.
Britaniya boksunun yeni nəsli
Fyuri və Coşuanın uğurları yeni nəsil britaniyalı ağır çəkili boksçuların yetişməsinə də ciddi təsir göstərib.
Daniel Dyubua, Fabio Uordli və Mozes İtauma hazırda onların formalaşdırdıqları boks mühitində karyeralarını davam etdirirlər.
Coşuanın Vladimir Kliçkonu məğlub etməsindən yeddi il sonra Dyubua eyni stadionda Coşua üzərində qələbə qazanıb.
Digər perspektivli britaniyalı boksçu Leo Atanq isə Coşuanın Kliçko üzərində qələbəsini televiziyadan izləyərkən cəmi on yaşında olub. Həmin döyüşdən ilhamlanaraq boksla məşğul olmağa başlayan Atanq yeddi il sonra U-19 dünya çempionatında qızıl medal qazanıb.
On ildən artıq davam edən mübahisəyə son qoyulacaq
Maraqlıdır ki, Britaniyada ağır çəkili boksun populyarlığını artıran Fyuri və Coşua sonradan böyük maliyyə təklifləri qarşılığında ən mühüm döyüşlərini Səudiyyə Ərəbistanında keçirməyə başlayıblar.
Hətta Kardiffdə keçiriləcək qarşılaşma da Türki Əl-Şeyxin “Riyadh Season” layihəsinin maliyyə dəstəyi ilə təşkil olunur. Döyüşün başlama vaxtı isə ABŞ auditoriyası nəzərə alınaraq müəyyənləşdirilib.
Dekabrın 12-də keçiriləcək qarşılaşma illərdir davam edən “Fyuri, yoxsa Coşua?” mübahisəsinə son qoya bilər.
