Aslan Kərimov: “Musanı Belçika, Niderland və ya Danimarka klublarında görmək istəyərdim”

Müsahibə
16 İyun 2024 10:26
566
Aslan Kərimov: “Musanı Belçika, Niderland və ya Danimarka klublarında görmək istəyərdim”

“Bir futbolçunun inkişafı üçün İsveç də bir mərhələ deyil. Buradan Avropanın digər klublarına transfer olunmaq daha rahat ola bilərdi”.

Bunu İdman.bizə veteran futbolçu Aslan Kərimov deyib.

O, “Yurqorden”dən ayrılan Musa Qurbanlının yenidən “Qarabağ”a qayıtmasını şərh edib. Onun sözlərinə görə, yığma üzvünün İsveçdə qala bilməməsinin bəlli səbəbləri var: “Məşqçi dəyişikliyi, psixoloji məsələlər, ölkə və yaxınlar üçün darıxma amili burada rol oynaya bilər. Onun oynadığı futbol yeni məşqçinin fəlsəfəsinə uyğun gəlmədiyi üçün hücumçumuzdan imtina etdilər. Düşünürəm ki, daha yüksək səviyyədə oynamaq istəyirlərsə, “Qarabağ” bir mərhələ olacaq. Yəqin ki, başqa təkliflər almadığından Ağdam klubu yenidən hansısa liqaya keçidindən tranplin rolunu oynayacaq”.

Kərimov Musanın Azərbaycan çempionunun heyətində uzun müddət qalmayacağını da deyib: “Juninyo kimi bir hücumçunun “Qarabağ”da yer aldığını nəzərə alsaq, Musanın uzun müddət forma şansı qazanması çətin görünə bilər. Üstəlik, komandada Nəriman Axundzadə kimi digər gənc hücumçu var. Onlar hər ikisi şans qazanmaq üçün gərək Olaviodan daha yaxşı oynasınlar. Amma düşünürəm ki, Musa formadan düşməmək üçün “Qarabağ”a qayıdıb. Juninyo nə vaxtsa getsə Qurbanlının şansı artacaq. Amma artmaqdan, böyüməkdən ötrü İsveç də göstərici deyil. Musa Qurbanlını Belçika, Niderland və ya Danimarka klublarında görmək istəyərdim. Belə ölkələrin komandalarında oynamaq şansı var. Bəlkə də “Ayaks”da oynamaq çətin olar, amma Niderlandın digər klublarında rahat oynaya bilər. Bunun üçün də peşəkarlıq lazımdır. Özünü sübut etməli, qol vurmalıdır. Bunda da bəxt məsələsi də rol oynayır. Düşünürəm ki, Musanın qayıtmasının səbəbi hər zaman “Qarabağ”da qalmaq yox, yenidən harasa getmək üçün keçid mərhələsidir”.

Qeyd edək ki, “Qarabağ” 22 yaşlı forvardla üç illik müqavilə imzalayıb.

Emin Ağa
İdman.biz