Vaqif Cavadov: “Azərbaycan Qazaxıstana qalib gələcək”

Müsahibə
9 İyun 2024 11:23
2 150
Vaqif Cavadov: “Azərbaycan Qazaxıstana qalib gələcək”

“Millimiz 20-25 dəqiqə yaxşı çıxış etdi”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov deyib.

O, yığmamızın Albaniya ilə yoxlama oyununu dəyərləndirib. Cavadov bildirib ki, 1:3 hesabı ilə məğlubiyyətdə zəif mübarizə rol oynayıb: “Bu durum başa düşüləndir. Lakin digər tərəfdən də məyusluq yaşayırıq ki, qalib gələ bilmədik. Məğlubiyyətimizin bir sıra səbəbi var. Başlıcası çempionat yeni bitib, futbolçuların istirahət vaxtıdır və bu düşüncə ilə oyunçularda yorğunluq var. Bəziləri mövsümü tez, bəziləri isə gec bitiriblər. Formada olmayan oyunçularımız çox idi. Bunun hamısını nəzərə alsaq, belə nəticə gözlənilən idi. Uduzmağımıza baxmayaraq, pis oyun göstərmədik. Millidəki abu-havanı düzəltmək lazımdır. Baş məşqçi yoxdur və Arif Əsədovun da komandada qalib-qalmayacağı məlum deyil. Bütün bunlar da müəyyən söz-söhbətlərə səbəb olur. Təbii ki, bu baxımdan nəticə önəmli deyil. Fikrimcə, getdikcə millinin vəziyyəti düzələcək”.

O, Azərbaycan yığmasının Qazaxıstanla keçirəcəyi yoxlama matçına da toxunub: “Qələbə qazanmaq oyunçuların özündən asılı olacaq. Maraqlı mübarizə gedəcək. Hər zaman Qazaxıstan - Azərbaycan qarşılaşmaları azarkeş baxımından diqqətlə qarşılanıb. Fikrimcə, matç qələbəmizlə bitəcək”.

Qeyd edək ki, millinin Qazaxıstanla oyunu iyunun 11-də keçiriləcək.

Banuçiçək Hüseynli
İdman.biz