Juninyo: “Mövsümü qızıl dublla başa vurmaq istəyirik”

Müsahibə
29 May 2024 15:50
203
Juninyo: “Mövsümü qızıl dublla başa vurmaq istəyirik”

“Bu mükafatı qazandığım üçün xoşbəxtəm”.

Bunu İdman.bizə “Qarabağ”ın futbolçusu Olavio Juninyo deyib.

28 yaşlı braziliyalı hücumçu Azərbaycan Premyer Liqasında mövsümün ən yaxşı bombardiri mükafatına layiq görülməsinə münasibət bildirib. Cənubi amerikalı forvardın sözlərinə görə, 20 qola imza atması tək onun zəhməti deyil: “Bu mükafatı əldə etməyimdə bütün komanda yoldaşlarımın əməyi var. Təbii ki, baş məşqçimizə və heyətimizə də minnətdaram”.

Juninyo Azərbaycan kubokunun iyunun 2-də keçiriləcək “Zirə” ilə final görüşü barədə də danışıb: “Çempionat bitdi və çempionluğumuzu rəsmiləşdirdik. Amma hələ qarşıda bir neçə gün var. Məşqlərimiz davam edir. Təbii ki, mövsümü qızıl dublla başa vurmaq istəyirik. Çalışacağıq ki, bunu bacaraq. Rəqibimiz də yaxşı mövsüm keçirib. Çempionatı ikinci yerdə bitirərək, kubokun finalına vəsiqə qazanmaları onların nə dərəcədə uğurlu bir komanda olmasından xəbər verir. Bu da onu göstərir ki, finaldakı işimiz asan olmayacaq. Bununla belə əsas hədəfimiz qalib gəlməkdir. Yaxşı hazırlaşıb, maksimum şəkildə diqqətlə bu oyuna çıxacagıq”.

Qeyd edək ki, Azərbaycan kubokun final görüşü iyunun 2-də Liv Bona Dea Arenada baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz