“Bu oyundan dərslər çıxaracağıq. Artıq harada işləməli, nəyi dəyişməli və hansı məqamları inkişaf etdirməli olduğumuzu görürəm”.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, “Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının liqa mərhələsində İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirdikləri ilk tur oyunundan sonra mətbuat konfransında belə deyib.
Mütəxəssis əlavə edib: “Növbəti oyunlarda daha yaxşı çıxış edəcəyimizi gözləyirəm. Bu, bizim üçün böyük təcrübədir. Bu gün meydana çıxan 16 futbolçudan yalnız biri karyerasında əvvəllər bu səviyyədə oynayıb. Bu, hamımız üçün böyük öyrənmə prosesidir”.
Valdas Dambrauskas oyuna kifayət qədər yaxşı başladıqlarını vurğulayıb: “Düşünürəm ki, oyuna kifayət qədər yaxşı başladıq. Komandada qorxu və ya həyəcan hiss etmədim. Bütün 90 dəqiqə ərzində öz oyunumuzu oynamağa çalışdıq. Bəzi epizodlarda ritmimizi tapdıq, topa nəzarət etdik və zaman-zaman “Mançester Yunayted”in təzyiqindən çıxa bildik”.
Baş məşqçi hesabın daha fərqli ola biləcəyini qeyd edib: “Düşünürəm ki, bu axşam hamımız evə nəticənin bir qədər daha yaxşı ola biləcəyini düşünərək qayıdacağıq. Hesab arasındakı fərq daha az ola bilərdi”.
O, komandasının, xüsusilə ilk hissədə bəzi epizodlarda kifayət qədər cəsarətli oynamadığını da diqqətə çatdırıb: “Bir tərəfdən deyirəm ki, futbolçularımızda qorxu hiss etmədim, digər tərəfdən isə müdafiə xəttində daha cəsarətli ola bilərdik. Müdafiəçilərimiz çox geridə qalırdılar. Bu, qorxudan deyil, bəlkə də təcrübəsizlikdən irəli gəlirdi və rəqibin gücünü həddindən artıq qiymətləndirirdik. Xətləri irəli çəkməyəndə və boşluqları nəzarətdə saxlamayanda “Mançester Yunayted” kimi komandanın futbolçularına dönüb sürətlə hücuma keçmək imkanı verirsən. Belə oyunçuları həmin vəziyyətdə dayandırmaq demək olar ki, mümkün deyil”.
Qeyd edək ki, “Old Trafford” stadionunda “Mançester Yunayted” - “Sabah” arasında keçirilən qarşılaşma “qırmızı şeytanlar”ın 4:0 hesablı qələbəsi ilə bitib.
