Adil Şükürov: “Kəpəz" yüksəklərdə olmağa layiqdir”

Xəbərlər
26 May 2024 19:43
202
Adil Şükürov: “Kəpəz" yüksəklərdə olmağa layiqdir”

“Bizə azarkeşlik edən hər kəsə minnətdaram, sona qədər dəstək oldular. Çalışdıq ki, gücümüz çatan qədər oynayaq”.

İdman.biz xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Adil Şükürov deyib.

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının XXXVI turunda “Turan Tovuz”a 0:1 hesablı məğlubiyyəti şərh edib: “Böyük itkilərimiz var idi, heyətimizdə bir çox oyunçular oynamırdı. Lakin sevindirici məqamlar oldu. Onları əvəzləyənlər də verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. İki cavan futbolçumuzu meydana buraxdıq. Həmin uşaqlara böyük ümid bəsləyirəm. Hər birinə də uğurlar arzulayıram".

Adil Şükürov futbolçuların əksəriyyətini komandada saxlamaq arzusunda olduqlarını bildirib: “Biz komandanı götürdüyümüzdən bu yana istədiyimiz çox şeyləri gördük. Bu futbolçularla istədiklərimizə nail olduq. Hədəfimiz odur ki, komandada olanların əksəriyyətini saxlayaq. Komandanı daha da gücləndirib, daha yaxşı yerlər uğrunda da mübarizə aparmaq niyyətindəyik. Bunun üçün də komandaya maliyyə dəstəyi lazımdır. İstəyirik ki, "Kəpəz"ə maliyyə dəstəyi olsun. Gəncə təmsilçisi yüksəklərdə olmağa layiqdir. Futbolçularımızın əksəriyyətini saxlamaq niyyətindəyik. Təbii ki, gedənlər olacaq. İstəmədiyimiz futbolçu yoxdur. Adama Nianenin müqaviləsi bitib. Bildiyim qədərilə onun özü başqa kluba keçmək istəyir. Buna etiraz etmirik. Nianeden başqa heç bir futbolçu ilə bağlı müraciət olunmayıb. Bu futbolçularla dibdən başladıq. Onlarla ayaq üstə qaldıqsa, elə onlarla da davam etmək istəyirik”.

“Kəpəz”in baş məşqçi gələcək planların maliyyə vəziyyətində asılı olacağını qeyd edib: “Futbolçularla danışmışıq. Hər biri də ilkin olaraq bildiriblər ki, bizdən cavab gözləyəcəklər. Məhz bundan sonra digər klublarla danışıq aparacaqlar. Amma birinci bizimlə danışacaqlar. Əksər legionerlərimizə, yerli futbolçularımıza aiddir. Ümidliyik. Maliyyə durumu nə yerdə olacaq, maraqlanmalıyıq. Federasiyadan ayrılacaq maliyyəni bilməliyik. Ondan sonra isə əlavə maliyyə dəstəyi olsa, nə yaxşı. Olmasa, ona uyğun işimizi quracağıq”.

Qeyd edək ki, “Kəpəz” 2023/2024 mövsümündə 35 xal toplayıb.

İdman.biz