Fərid Qayıbov: "Bu, uşaq futbolunun inkişafı üçün böyük bir addımdır" - VİDEO

Müsahibə
9 May 2024 12:48
Fərid Qayıbov: "Bu, uşaq futbolunun inkişafı üçün böyük bir addımdır" - VİDEO

"İkinci ildir bu yarışı dəstəklədikləri üçün Bakı Abadlıq Mərkəzinə öz minnətdarlığımı bildirirəm".

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakı kənd və qəsəbələri arasında keçirilən II minifutbol turnirin finalından öncə jurnalistlərə açıqlamasında bildirib.

Nazir bildirib ki, Bakı Abadlıq Mərkəzi ilə əməkdaşlıq cüdoda da davam edir: "Bakı kəndləri arasında da cüdo yarışları keçiriblər. Fürsətdən istifadə edərək, digər iş adamlarını, şirkətləri də idmana dəstək olmağa çağırıram. Bu, uşaq futbolunun inkişafı üçün böyük bir addımdır. Bundan savayı, biz ötən il 15 yaşlı uşaqlar arasında da iki beynəlxalq turnir keçirmişik. Düşünürük ki, belə turnirlər nə qədər çox olsa, uşaqlarımız da bir o qədər çox inkişaf edərlər. Gələcəkdə də bu uşaqlar milli komandaya üzv olacaqlar".

Qayıbov bildirib ki, kütləvi idman tədbirlərinin sayı ildən-ilə artır: "Sağlam həyat" layihəmiz var. Biz bu tədbiri hətta Naxçıvanda da həyata keçirdik. Həmçinin, bu layihə Azərbaycanın müxtəlif bölgələrində təşkil olunur. Qaçış, üzgüçülük yarışları və s. müxtəlif idman növləri üzrə yarışlar keçirilir. Bütün idman federasiyalarına öz təşəkkürümü bildirmək istəyirəm. Hamı aktiv şəkildə iştirak edir. Kütləviliyin artırılması istiqamətində, həm də peşəkar idmançıların yetişirilməsində fəal şəkildə fəaliyyət göstərirlər".

Qeyd edək ki, 2 ay öncə start götürən yarışa bu gün yekun vurulacaq. Finalda "Günəşli" və "Aşağı Güzdək" üz-üzə gələcək.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: