“Zəngəzur”un kapitanı: “Bu adın məsuliyyətini yaxşı başa düşürük”

Müsahibə
14 Sentyabr 2023 09:41
121
“Zəngəzur”un kapitanı: “Bu adın məsuliyyətini yaxşı başa düşürük”

“İlk oyunlar hər zaman çətin olur. Əsas məsələ odur ki, atmosfer, ab-hava yaxşıdır”.

Bunu İdman.biz saytına “Zəngəzur”un kapitanı Əfran İsmayılov deyib.

Azərbaycan təmsilçisi Bolqarıstanda minifutbol üzrə Avropa kubokuna qələbə ilə başlayıb. Bir vaxtlar böyük futbolda milli komandamızın formasını geyinən İsmayılov bildirib ki, rəqibləri çox da yaxşı tanımasalar da, lazımı nəticəni qazanıblar: “Oyuna başlayarkən kəşfiyyat xarakterli oynadıq. İkinci hissədə təzyiqi artırdıq və qollarımızı vurduq. Layiqli qələbə qazandıq”.

O, turnirdə hədəflərindən də danışıb: “Qələbələri davam etdirməliyik. “Zəngəzur” adını daşımağın məsuliyyətini də başa düşürük. Hər oyuna qələbə əzmi, var gücümüzlə çıxacağıq. Komanda yoldaşlarım da bacardıqlarını ortaya qoyurlar. Belə getsə yaxşı yerlərdə qərarlaşacağımızı düşünürəm.”

Qeyd edək ki, “Zəngəzur” ilk turda “Qalaktiko Vratsa”nı (Bolqarıstan) 2:0 hesabı ilə məğlub edib. Təmsilçimiz növbəti oyunlarını bu gün TMT (Yunanıstan) və “Veçka Olomuts” (Çexiya) qarşı keçirəcək.

Emin Ağa

İdman.biz