“Şəfa”nın futbolçusu: “Milli komandaya ilk dəfə dəvət almaq çox qürurverici hadisədir”

21 Sentyabr 2026 16:17
38
“Şəfa”nın futbolçusu: “Milli komandaya ilk dəfə dəvət almaq çox qürurverici hadisədir”

“Milli komandaya ilk dəfə dəvət almaq mənim üçün çox böyük və qürurverici hadisədir. Bu xəbəri böyük sevinc və həyəcanla qarşıladım. Hər bir futbolçu üçün ölkəsinin milli komandasının formasını geyinmək xüsusi hissdir. Uzun müddət bunun arzusunda olmuşam”.

Bu sözləri Azərbaycan futbol millisinin və “Şəfa”nın futbolçusu Fərid Yusifli deyib.

24 yaşlı yarımmüdafiəçi milli komandada debüt etmək arzusundan danışıb.

“Hər futbolçu kimi mənim də əsas arzularımdan biri milli komandada debüt etməkdir. Bunun üçün səbirsizlənirəm. Amma eyni zamanda bilirəm ki, milli komandada verilən hər bir dəqiqə böyük məsuliyyət daşıyır. Əgər debüt etmək şansı qazansam, komandaya maksimum fayda vermək üçün əlimdən gələni edəcəyəm”, - deyə o futbolinfo.az-a açıqlamasında söyləyib.

Yusifli daha əvvəl “Turan Tovuz”da Ayxan Abbasovla birlikdə çalışmasını da xatırladıb:

“Ayxan müəllimlə qısa müddət “Turan Tovuz”da birlikdə çalışsaq da, bu günə gəlib çatmağımda onun böyük zəhməti olub. Milli komandaya çağırılıb-çağırılmamağımdan asılı olmayaraq, ona və bu yolda mənə dəstəyi, əməyi olan hər kəsə minnətdaram. İnşallah, bu toplanışda böyük uğurlar əldə edəcəyimizə inanıram. Məni bu toplanışa dəvət etdiyi üçün Ayxan müəllimə ayrıca təşəkkür edirəm”.

Hazırda “Şəfa”da oynayan Fərid milli komandada əsas hədəfinin özünü göstərmək və komandaya fayda vermək olduğunu bildirib:

“Əsas hədəfim ilk növbədə məşq prosesində özümü göstərmək və komandaya faydalı ola biləcəyimi sübut etməkdir. Milli komandada rəqabət çox yüksəkdir və burada heyətdə yer almaq üçün əlimdən gələni edəcəyəm”.

İdman.Biz