Təbriz Həsənov: “Onlar tamamilə kuboka fokuslanıblar”

Müsahibə
24 Aprel 2024 13:59
139
Təbriz Həsənov: “Onlar tamamilə kuboka fokuslanıblar”

“Kubokun bir cütündə son turları yaxşı oynayan, digərində isə əksi olan klublardır”.

Bunu İdman.bizə veteran futbolçu Təbriz Həsənov deyib.

57 yaşlı mütəxəssis Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşləri öncəsi gözləntilərini açıqlayıb. O bildirib ki, “Qəbələ” ilə “Zirə” oyununa proqnoz vermək çətindir: “Bölgə klubu cəmi 1 top fərqilə - 1:2 hesabı ilə uduzub. Onlar tamamilə kuboka fokuslanıblar. Deməzdim kubok komandasıdırlar, amma bundan qabaq qalib olmağı bacarıblar. “Qəbələ”nin yaxşı təcrübəsi də var. Hər halda 1 top fərqini yaxşı oyunla aradan qaldırmaq olar. Bu oyunda şansları 50-nin 50-yə dəyərləndirirəm. Maraqlı və çətin oyun olacaq”.

Həsənov kuboku qazanmağa əsas favorit “Qarabağ”ı sayır: “İnanmıram ki, “Neftçi” onlarla görüşdə 0:4 hesablı məğlubiyyətin əvəzini çıxa bilsin. “Qarabağ”ı finalda görürəm. Qurban Qurbanovun komandası kuboku qazanmaq gücündədir. Məncə, “Qəbələ” – “Zirə” oyunu “Qarabağ” – “Neftçi” matçından daha maraqlı olacaq”.

Qeyd edək ki, “Qəbələ” – “Zirə” matçı saat 17:00-da, “Qarabağ” – “Neftçi” qarşılaşması saat 20:00-da başlayacaq.

Emin Ağa
İdman.biz