Qara Qarayev məktəblilərlə görüşdü - FOTO

24 Noyabr 2026 11:52
63
Qara Qarayev məktəblilərlə görüşdü

AFFA-nın “Yaşıl Top” sosial layihəsi çərçivəsində növbəti maarifləndirici görüş keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Tədbir Bakı şəhərindəki Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbdə təşkil olunub.

Görüşdə məktəbin direktoru Gülnarə Cəfərova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Rəqəmsallaşdırma və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova, “Təmiz Şəhər” ASC-nin mətbuat katibi Orxan Cabbarov, AFFA-nın Sosial və ətraf mühit dayanıqlılığı şöbəsinin nümayəndələri, eləcə də layihənin səfiri, Azərbaycan millisinin sabiq futbolçusu Qara Qarayev iştirak ediblər.

Tədbir zamanı şagirdlərə ətraf mühitin qorunması, ekoloji məsuliyyət, dayanıqlı inkişaf və sağlam həyat tərzinin əhəmiyyəti barədə məlumat verilib. Bu mövzular ətrafında interaktiv müzakirələr aparılıb.

Layihənin əsas məqsədi uşaqlar və yeniyetmələr arasında ekoloji məsuliyyət hissini gücləndirmək, ətraf mühitin mühafizəsinə töhfə vermək, futbol vasitəsilə sağlam və dayanıqlı həyat tərzini təşviq etməkdir.

Görüşün sonunda Qara Qarayev məktəbə xatirə olaraq imzalı futbol topu hədiyyə edib. Şagirdlərə sabiq futbolçunun imzalı fotoları təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

Daha sonra tədbir iştirakçıları məktəbin həyətində ağacəkmə aksiyasına qoşulublar.

İdman.Biz