38 qol vuran Aysun Seydiyeva: “Oğlanların çoxu belə deyil” - MÜSAHİBƏ - VİDEO

Xəbərlər
23 Aprel 2024 12:34
38 qol vuran Aysun Seydiyeva: “Oğlanların çoxu belə deyil” - MÜSAHİBƏ - VİDEO

“Neftçi”nin futbolçusu Aysun Seydiyevanın İdman.bizə müsahibəsi

- Azərbaycan Yüksək Qızlar Liqasında “Olimpiya”ya 41:0 hesabı ilə qalib gəldiyiniz oyunda 38 qol vurmusuz. Bunu necə şərh edərdiz?

- Hamı bundan danışır, ancaq rəqibimiz çox güclü deyildi, komanda yoldaşlarım da topları mənə ötürdüyünə görə bu qədər qol vura bilmişəm. Hazırda çempionatımızın vəziyyəti o qədər də yaxşı deyil, cəmi üç əsas rəqib var: “Neftçi” “Sumqayıt” və “Baku Juniors”. Bu komandalarla oynayanda çətin olur. Digərləri isə hələ o səviyyəyə gəlib çatmayıb.

- Sizcə, ölkəmizdə qadın futbolunda inkişafı ləngidən əsas amillər nələrdir?

- Əsas problemlər maddiyyat və qadın komandalarına qarşı olan diqqətsizlikdir. Bilirik ki, “Sabah” və “Qarabağ”ın Yüksək Liqalarında qız komandaları yoxdur. Əgər onlar da “Neftçi”, “Sumqayıt”, “Qəbələ” kimi qadın futboluna diqqət yetirsələr, inkişaf da olar.

- “Sumqayıt”dan söz düşmüşkən, Yüksək Liqada turnir cədvəlinə “gənclik şəhəri” təmsilçisi başçılıq edir.

- Keçən il də ən yaxşı “Sumqayıt” idi, çempion olmuşdu. Bu il də kifayət qədər güclü rəqibdir. Onlarla futbol oynayanda hiss edirsən ki, qarşında rəqib var.

- Aysun, siz əvvəllər legioner həyatı yaşamısınız. Yenə təklif gəlsə, gedərsiniz?

- Ana olduqdan sonra bir az çətin məsələdir. Çünki uşağı düşünmək məcburiyyətindəyəm. Əgər Aminə xaricdən belə bir təklif gəlsə və onun komandasının qız komandası olsa, orada oynayaram. Ancaq tək özümə təklif gəlsə, indiki durumda dəyərləndirə bilmərəm. Ana olandan sonra öz anamı da başa düşürəm. Həqiqətən də, uşağa baxmaq, üstəlik futbolla məşğul olmaq çox çətindir. Ancaq xalam mənə çox dəstək olur. Məşqlər, oyunlar zamanı oğluma o baxır.

- Bəs, Azərbaycanda hansı komandadan təklif gəlsə, dəyərləndirərsiniz?

- Elə bir komanda yoxdur. Futbol karyerama “Neftçi”də başladığıma görə, Azərbaycanda qalsam, elə burda da davam etdirərəm, digər klubları düşünmərəm.

- Bir müddət öncə futboldan getmək istədiyinizi demişdiniz. Hələ də bu istək aktualdır?

- Elə bir fikrim var idi, ancaq hazırda davam edirəm.

- Belə düşünməyinizə səbəb nə idi?

- Diqqətsizlik. Ümumiyyətlə, qadınlara qarşı hər yerdə bu cür diqqətsizlik var, getdiyim bütün ölkələrdə bunu görmüşəm. Amma bizdə daha çoxdur. Millətlər Liqasının C divizionunda birinci olduqdan sonra bir az bizdən danışdılar və unudulduq. Əslində, bu çox böyük uğur idi, daha çox qabardıla bilərdi. Ancaq bundan bir-iki televiziya kanalında danışdılar, vəssalam.

- Bəlkə danışılması üçün uğurların davamı olmalıdır?

- Baxın, Macarıstanla səfərdə nəticə 1:1 oldu, hətta uda da bilərdik. Çox güclü komandadır. O oyundan sonra İsveçrə ilə qarşılaşmada stadionu boş görürüksə, daha neyləyə bilərik? On oyundur ki, məğlub olmurduq. Ancaq bunu görmürlər. Matçlarımıza azarkeşlər gəlmir, bizi dəstəkləmirlər. İdmançının motivasiyaya çox ehtiyacı var. Qadın futbolunun reklamı da çox aşağıdır.

- Ailə üzvləriniz necə? Onlar oyunlarda stadiona gəlirmi?

- Arada Aminin vaxtı olanda gəlir. Anam çox vaxt gələ bilmir, qardaşım tez-tez gəlir. Qardaşım özü də futzal oynayır.

- Bəs siz Aminin oyunlarına gedirsiniz?

- Bəli, hər oyununa getməyə çalışıram. Səfər oyunlarına gedə bilməsəm də, ev oyunlarında həmişə yanında oluram. Onun uğurunu izləmək xoşuma gəlir.

- Azərbaycanda çox vaxt qadın futbolçular ailə qurandan sonra futbolla vidalaşır. Bu baxımdan siz şanslı olmalısınız. Karyeranızı davam etməyinizdə həyat yoldaşınız Amin Seydiyevin də futbolçu olmağının çox güman rolu var.

- Bəli, mentalitetə görə, qızlarımızın çoxu ailə qurandan sonra futboldan uzaqlaşıblar. Biz bu işə uşaqlığımızı vermişik, birdən-birə karyeranı atmaq asan deyil. Qarşıma Amin çıxmasaydı, bəlkə də, hələ ailə həyatı qurmazdım. Sadəcə futbolla məşğul olardım. Yaxşı ki, Amin kimi məni başa düşən, dəstək olan adam çıxıb qarşıma. Ancaq başqa oğlanların çoxu belə deyil.

- Sizin gəldiyiniz dövrdən bu günə dəyişən şeylər çoxdurmu?

- 2010-cu ildə milli komandaya təzə gələndə indikindən daha çox problemlər vardı. Qızların futbola gəlməyini valideynlər yaxşı qarşılamırdı. İllər keçdikcə valideynlər də, azarkeşlər də bunu normal qəbul etməyə başladı. Əvvəllər komandaya qız tapmaq çox çətin idi. Baş məşqçimiz Siyasət Əsgərov rayonlara gedir, həftələrlə qalır, futbol oynayan qız axtarırdı. Ancaq bu gün valideynlər özləri çalışırlar ki, uşaqlarını gətirsinlər. İndi nisbətən vəziyyət dəyişib. Ailə qurandan sonra da qadınlara dəstək olsalar, yaxşı olar. Qız tapa bilmirik, çox azdırlar. Balaca yaş qruplarından gəlib bizə yaxşı oyunçular çatmır. Çünki uşaq futbolumuz o dərəcədə də inkişaf etməyib. Elə olur ki, 13 yaşından futbola başlayırlar. Bu çox gecdir. Mən məsələn, altı yaşımdan başlamışam.

- Siz həm də milli komandanın üzvüsünüz. Hazırda yığmanın vəziyyətini necə dəyərləndirirsiniz?

- Komanda olaraq vəziyyətimiz çox yaxşıdır. Düzdür, axırıncı oyunumuz ürəkaçan olmadı, İsveçrənin səviyyəsi məlumdur. Ancaq sonadək vuruşduq. Maksimum xal toplayıb B liqasında davam etmək istəyirik. Qrupumuzun favoriti İsveçrədir, Macarıstan da ona yaxındır. Amma Türkiyə ilə bərabər səviyyədəyik. Hətta onlara qalib də gələ bilərik. Macarıstana da qalib gələ bilərdik, heyf ki, fürsətləri dəyərləndirə bilmədik. Ümidvaram, növbəti oyunda Macarıstandan xallar ala bilərik.

- Azərbaycan çempionatında azarkeşlik etdiyiniz komanda varmı?

- Amini tanıyana qədər Azərbaycan çempionatını izləmirdim. Azarkeşlik etdiyim komanda da “Sabah”dır. Başqa ölkənin komandalarına qarşı oynayanda isə “Qarabağ”.

- Bəs “Neftçi”?

- “Neftçi” heç də. Öz oynadığım komandadır.

- Artıq üç komandanın adını çəkdiniz. Onda siz komandanı yox, Amini dəstəkləmiş olursunuz.

- Yüz faiz. Amin harda olsa, onun komandasının uğuruna sevinəcəm.

Aytac Sahəd
İdman.biz

Məqalədə: