Futbolçunun ölümünə səbəb olan qapıçı ilə bağlı açıqlama: qayıdış qərarını özü verəcək

12 Noyabr 2026 23:26
41
Futbolçunun ölümünə səbəb olan qapıçı ilə bağlı açıqlama: qayıdış qərarını özü verəcək

“Andorra”nın qapıçısı Xesus Ovono futbola qayıdışı ilə bağlı qərarını hələ verməyib.

İdman.Biz Reuters-ə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Karles Manso klubun futbolçuya hərtərəfli dəstək göstərdiyini və onun seçiminə hörmətlə yanaşacağını bildirib:

“Bizim etməli olduğumuz yeganə şey ona hərtərəfli dəstək olmaq və yanında olmaqdır. Ona sərbəst qərar verməsi üçün imkan yaradacağıq”.

Mansonun sözlərinə görə, Ovono hazırda ailəsi və yaxınları ilə vaxt keçirir. Qapıçının meydana qayıdıb-qayıtmayacağına və mümkün qayıdış tarixinə özü hazır hiss etdiyi vaxt qərar verməsinə imkan yaradılacaq.

Mütəxəssis futbolçunun karyerasını bitirməsi barədə nəticə çıxarmağın tez olduğunu da vurğulayıb. O, Ovono haqqında həqiqəti əks etdirməyən məlumatların yayıldığını deyərək qapıçının şəxsi həyatına hörmətlə yanaşmağa çağırıb. Klub futbolçulara fərdi və kollektiv psixoloji dəstək də göstərir.

Qeyd edək ki, noyabrın ikisində “Tenerife” ilə “Andorra” arasında keçirilən oyunda Ovono ilə toqquşan 30 yaşlı hücumçu Xesus de Migel xəstəxanaya yerləşdirilib. Futbolçu ertəsi gün vəfat edib.

Ovono Ekvatorial Qvineya millisinin üzvüdür. Yığmada 47 oyun keçirmiş qapıçı noyabrda Zimbabve ilə keçiriləcək qarşılaşmalar üçün heyətə dəvət edilməyib.

İdman.Biz