Samir Abasov: “Söz-söhbətlərə adekvat cavab verdik”

Xəbərlər
19 Aprel 2024 19:04
Samir Abasov: “Söz-söhbətlərə adekvat cavab verdik”

“Azarkeşlərimizi təbrik edirəm. Bu qələbədə onların da payı var”.

İdman.biz xəbər verir ki, bunu “Sumqayıt” baş məşqçisi Samir Abasov deyib.

Azərbaycan Premyer Liqasının XXXI turunda “Turan-Tovuz”a 4:1 hesabı ilə qalib gələn komandanın çalışdırıcısı oyunu şərh edib: “Futbolçularımı təbrik etmək istəyirəm. Matçdan öncə ajiotaj o yerə çatmışdı ki, bu, bizi öz oyunumuzdan çıxara bilərdi. Futbolçular sağ olsunlar. Söz-söhbətlərə adekvat cavab verdik və öz oyunumuzdan dönmədik. Rəqibin oyununu kəsmək və özümüz oynamağa çalışdıq. Bu qalibiyyəti sürücümzə həsr edirəm. Ağır əməliyyat keçirib. Bu da onun üçün sevinc payı olsun”.

“Sumqayıt”ın baş məşqçisi bir qələbənin Avropa kuboklarına vəsiqə qazandırmadığını vurğulayıb: “Bir oyun qələbə qazanmaq nəyisə təmin etmir. Turnir cədvəlində sıxlıqdır. Amma qələbə komandanı ayaqda saxlayır. Bu gün bizi bu yerlərdə görmək çoxları üçün xoş deyil. Başımızı başlara qoşmuşuq, bəzilərinin planlarını alt-üst etmişik. Yalnız bir rəqibə qarşı oynamırıq, bir çox klublara qarşı mübarizə aparırıq. Avrokuboklara vəsiqə qazansaq, məmnun olarıq”.

Samir Abasov oyundan əvvəl mətbuatda “Sumqayıt”a hakimlərin dəstəyi ilə bağlı yazılanlara da cavab verib: “Bu futboldur. Başqa ölkələrdə işləməmişəm, oyundan qabaq baş verən prosesləri bilmirəm. Bu cür hallar baş məşqçlilər arasını vurur, futbolçuları qızışdırır, klubları düşmən edir. Kimlərsə olmayan şeyləri yazır, "Sumqayıt"ı "dartırlar" deyir. Onların düşündüyünün əksinə bu cür hallar bizim xeyrimizədir. Əgər həmişə qələbə qazanacağıqsa, yazsınlar. Onların getdiyi yol deyil. Bu nə yaşayışdır? İnanıram ki, bu söhbətlərə son qoyduq. Futboldan danışmaq istəyirəm”.

Qeyd edək ki, 47 xal toplayan “Sumqayıt” 2-ci pilləyə yüksəlib.

İdman.biz