Aslan Kərimov: “Arif Əsədov bir az təəccübləndirdi”

Müsahibə
26 Mart 2024 10:16
234
Aslan Kərimov: “Arif Əsədov bir az təəccübləndirdi”

"Millimiz yaxşı təsir bağışladı. Bu, 10 il əvvvəlki, dünya çempionatında qrup mərhələlərində oynayan Bolqarıstan deyil. Aşağı-yuxarı eyni gücdə 2 milli komanda bir-birinə qarşı oynayırdı".

Bunu İdman.bizə Azərbnaycan millisinin sabiq futbolçusu Aslan Kərimov deyib.

O, "FİFA Series-2024"də Azərbaycanın Bolqarıstanla (1:1) matçını şərh edib. O bildirib ki, sevindirici hal bizim daha dominant oynamağımız olub: "Topu özümüzdə yaxşı saxlayırdıq. Rəqibin cərimə meydançasında daha çox vaxt keçirirdik. Onların da çox yaxşı iti hücumları olurdu. Buna da hazır olurduq. Bir epizodda gözdən qaçırdıq və sonda da qolla nəticələndi. Texniki olaraq Arif Əsədov bir az təəccübləndirdi. 4 müdafiəçi ilə oyuna başladı. Hesab edirəm ki, bu eksperimenti pis alınmadı. Rahil Məmmədovun cinahda oynaması mənim üçün sürpriz idi. Öhdəsindən gələ bildi. Rəqib bizi cinahlarda yox, daha çox əks-hücumlarda üstələyə bildi. İkinci sevindirici hal o idi ki, meydana girən gənc oyunçular özlərini yaxşı tərəfdən göstərdilər. İstər Ceyhun Nuruyev, istər Musa Qurbanlı olsun, qolda iştirak etməsəydilər belə yaxşı oynadılar. Bu futbolçuların milli komandada ilk addımlarıdır".

Kərimov matçda performansını bəyənmədiyi futbolçudan da danışıb: "Renat Dadaşovun performansını çox da bəyənmədim. O, xarakter olaraq özünü tam oyuna verməyən futbolçuya oxşayır. Bəlkə də yanılıram. Futbol məktəbi yaxşıdır. O, Almaniyanın U-17 komandasında oynayıb. Amma milli komandada oynamağa ustalıq səviyyəsi mənə görə kifayət etmir. Biz rəqiblərimizin çoxundan texniki cəhətdən geri qalırıq. Ən azından İsveçi, Slovakiyanı bu tərəfdən üstələmirik. Belə oyunlarda yalnız əzimkarlığın, başını topun altına ata bilən futbolçularla bu oyunları qalib gəlmək mümkün ola bilər. Renat mənə görə o tipdə olan futbolçu deyil. Ondan fərqli, Musa son damla tərinə qədər mübarizə aparır. Heç bir amildən asılı olmayaraq yenə də o, milli formaya görə son gücünə qədər oynayır. Amma bunu Renatdan gözləmirəm. Bəlkə də son matçlar Türkiyədə forma şansı qazanmaması buna təsir edib. O cümlədən, Musada da bu belədir. Amma oyunu göz önündədir. Bolqarıstanla oyunda heç-heçə heç nə demək deyil. Amma əsas odur ki, biz daha dominant oynayırıq. Bu artıq bizim oyunumuzun nisbətən daha yaxşılaşmasına doğru getmək deməkdir".

Qeyd edək ki, Azərbaycan millisi "FİFA Series-2024"də ilk matçda Monqolustanı 1:0 hesabı ilə məğlub edib.

Emin Ağa
İdman.biz