Madridin “Atletiko” klubunun rəhbərliyi hücumçu Xulian Alvaresin müqaviləsindəki sərbəstqalma məbləğini azaltmağa hazırdır.
İdman.Biz “Foot Mercato”ya istinadən xəbər verir ki, klub argentinalı futbolçuya müəyyən şərtin yerinə yetiriləcəyi təqdirdə sərbəstqalma məbləğinə yenidən baxılacağını vəd edib.
Mənbənin məlumatına görə, Alvares mövsüm ərzində ən azı 20 qol vurmalıdır. Hazırda 26 yaşlı hücumçunun müqaviləsindəki sərbəstqalma məbləği 500 milyon avrodur (1 milyard manat). Bu rəqəmin hansı həddə qədər azaldılacağı açıqlanmayıb.
Bununla belə, “El Chiringuito” proqramının jurnalistləri Xota Xordi və Xose Alvares 20 qol şərti ilə bağlı məlumatı təsdiqləməyiblər. Eyni zamanda, onlar da “Atletiko”nun futbolçunun mümkün satışı ilə bağlı mövqeyinin dəyişdiyini bildiriblər.
Qeyd olunur ki, transfer pəncərəsi bağlandıqdan sonra Alvareslə Madrid klubu arasında bir neçə gərgin həftə yaşanıb. Son vaxtlar isə vəziyyət yaxşılaşmağa başlayıb.
“Liverpul”a qarşı “Enfild”də keçirilən oyundan sonra “Atletiko”da argentinalı futbolçunun məşq prosesinə münasibəti və performansı yüksək qiymətləndirilib.
