Təbriz Həsənov: “Bayer”ə qarşı oynamaq olar”

Xəbərlər
7 Mart 2024 12:37
152
Təbriz Həsənov: “Bayer”ə qarşı oynamaq olar”

“Braqa” ilə oyun bizi nə qədər sevindirdisə, püşkatma da bir o qədər məyus etdi. “Bayer” haqqında çox danışmağa ehtiyac yoxdur. Bu klubun gücünə hamı bələddir”.

Bunu İdman.bizə “Qarabağ”ın sabiq futbolçusu Təbriz Həsənov deyib.

O, “Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə matçını dəyərləndirib. Veteran futbolçu bildirib ki, Azərbaycan çempionu bu gün evdə yaxşı oyun nümayiş etdirəcək: “Bayer” Avropa Liqasını qazanmağa qadir komandadır. Amma almanlara qarşı oynamaq olar. Qrup mərhələsində Bakıdakı gözəl oyunumuz da bizə ümid verir. Əgər son dəqiqələrdə penalti olmasaydı, matç bərabərliklə bitəcəkdi. Hücumlarımız da çox idi. Həmin görüşdə “Qarabağ” çox yaxşı oynadı və azarkeşlərə böyük ümidlər verdi. Mən də fikirləşirəm ki, “Qarabağ” yaxşı oyun nümayiş etdirib, yaxşı da nəticə qazanacaq”.

Həsənov “Qarabağ”dakı itkilərin komandanın çıxışına necə təsir edəcəyinə də toxunub: “İtkilər ciddidir. Kevin Medinadan sonra Elvin Cəfərquliyevin cəzalı duruma düşməsi oyuna təsir edəcək. O, son vaxtlar özünü çox yaxşı göstərir. Komandanın ürəyi və motorlarından biri Julio Romaonun olmaması da sözünü deyəcək. Son matçlarda onun və Marko Yankoviçin performansı “Qarabağ”a çox üstünlük verdi. Onların oynamamağı çətinlik yaradacaq. Amma ağdamlılarda onları əvəzləyə biləcək yaxşı futbolçular var. Patrik Andrade və Aleksey İsayev də yaxşı formadadır. Bu səbəbdən də düşünürəm ki, bizi maraqlı oyun gözləyir. 1/8 finala yüksəlməklə “Qarabağ” böyük işlər görüb. Hazırda bütün Avropa komandamızdan danışır”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”- “Bayer” matçı saat 21:45-də start götürəcək.

Emin Ağa
İdman.biz