Portuqaliya millisinin sabiq futbolçusu və baş məşqçisi Artur Jorje vəfat edib.
İdman.biz xəbər verir ki, futbol veteranı 78 yaşında dünyasını dəyişib.
O, uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında Lissabonda ölüb. Mütəxəssisin ölümünə ürək dayanması səbəb olub.
Portuqaliya millisinin sabiq futbolçusu yığmada 16 oyunda 1 qol vurub. Hücumçu “Porto”, “Akademika”, “Belenenseş”, “Benfika” və ABŞ-ın “Roçester Lansers” klublarında forma geyinib. Jorje futbolçu kimi dördqat Portuqaliya çempionu olub.
1980-ci ildən məşqçiliyə başlayan mütəxəssis zəngin karyerası ərzində çoxsaylı klubları, o cümlədən “Porto”, “Benfika” və PSJ-ni, həmçinin Portuqaliya, İsveçrə, Kamerun yığmalarını çalışdırıb. O, “Porto” ilə Çempionlar kubokunun (1986/87), üç dəfə Portuqaliya, bir dəfə Fransa çempionatının qalibi olub.
Qeyd edək ki, Jorjenin son iş yeri 2014-15-ci illərdə çalışdırdığı “MC Əlcəzair” klubu olub.
İdman.biz
