“40 ildir ki, qatı futbol azarkeşiyəm”.
Bunu İdman.bizə Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə deyib.
O, UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın “Braqa” ilə cavab matçını dəyərləndirib. Əməkdar artist bildirib, bu günə kimi heç bir matçı belə gözləməyib: “Səbirsizliklə və böyük həyəcanla saatın 21:45 olmasını gözləyirəm. Düzü, artıq 50 yaşım olandan sonra mənim üçün matç o qədər də maraqlı deyil. Mənə hər zaman böyük hörmətlə yanaşdığım Qurban Qurbanovun fəlsəfəsi önəmlidir. İstərdim ki, onun bu gün fəlsəfəsi portuqaliyalı məşqçidən üstün olsun. Həmçinin, komandamız yeni ölkədə, yeni stadionda oynasın. Bununla da onlar Azərbaycan futbol azarkeşlərini sevindirsin”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Braqa” qarşılaşması bu gün saat 21:45-də start götürəcək. İlk görüşdə isə Azərbaycan çempionu 4:2 hesabı ilə qalib gəlib.
Banuçiçək Hüseynli
İdman.biz
