“Oyunla təəssüratlarım yalnız müsbətdir. Sevinirəm ki, qələbə qazanıb, azarkeşlərimizi sevindirə bildik”.
Bunu İdman.bizə “Turan Tovuz”un futbolçusu Ayxan Quseynov deyib.
24 yaşlı rusiyalı futbolçu Premyer Liqanın XXII turunda “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. O bildirib ki, hər bir matçda əsas hədəfləri 3 xal qazanmaqdır.
Görüşdə fərqi 2-yə çatdıran Quseynov baxımlı qola imza atmasına da toxunub: “Belə gözəl qol vurmağıma sevindim. Məşqlərdə də eyni istiqamətdən zərbələr üzərində işləyirik. Şansa bax ki, matçda da bu belə alındı”.
Yarımmüdafiəçi “Turan Tovuz”un oyundan-oyuna artırdığını da deyib: “Turnir cədvəlində bütün komandalar bir-birinə çox yaxındır və çempionat maraqlı keçir. Bütün matçlarda gərgin mübarizə hökm sürür. Konsentrasiyanı itirməməliyik. Çünki bir qələbə və ya bir məğlubiyyət klubu ya yuxarı pilləyə yüksəldə, ya da aşağı endirə bilər. Əsas məqsədimiz turnir cədvəlində mümkün qədər yüksək yerlərdə olmaqdır”.
Qeyd edək ki, “Turan Tovuz” 22 turdan sonra turnir cədvəlində 29 xalla 7-ci pillədə qərarlaşıb.
Banuçiçək Hüseynli
İdman.biz