Əşrəf Hakimi Messinin gəlişindən danışdı: “Oyundan zövq almırdım”

4 Noyabr 2026 10:28
17
Əşrəf Hakimi Messinin gəlişindən danışdı: “Oyundan zövq almırdım”

Fransanın PSJ futbol komandasının müdafiəçisi Əşrəf Hakimi Lionel Messinin Paris təmsilçisinə keçidindən sonra yaşadığı çətinliklərdən danışıb.

İdman.Biz xəbər verir ki, mərakeşli futbolçu Orelyen Tçuameninin aparıcısı olduğu “The Bridge” proqramında həmin transferin komandanın oyun üslubuna və onun meydandakı roluna təsirini izah edib.

Hakimi PSJ-yə keçməzdən əvvəl İtaliyanın “İnter” və Almaniyanın Dortmund “Borussiya” komandalarında hücumlara daha çox qoşulduğunu, qollar vurduğunu və özünü vacib oyunçu kimi hiss etdiyini söyləyib.

Müdafiəçinin sözlərinə görə, Paris təmsilçisi ilə müqavilə bağlayarkən Messinin də komandaya qoşulacağından xəbərsiz olub. Argentinalının gəlişindən sonra isə daha çox arxada qalmalı olub və əvvəlki kimi hücum potensialından istifadə edə bilməyib.

“Özümü “kiçik futbolçu” kimi hiss edirdim, zövq ala bilmirdim”, - deyə Hakimi bildirib.

O, Mərakeş millisində aparıcı rol oynadığı halda, PSJ-də istədiyi futbolu göstərə bilməməsinin psixoloji çətinlik yaratdığını da vurğulayıb. Futbolçunun fikrincə, milli ilə komandadakı çıxışları arasındakı fərqə görə səslənən tənqidlər vəziyyəti daha da ağırlaşdırıb.

Messi PSJ-də iki mövsüm keçirib, iki dəfə Fransa çempionu olub və ölkə Superkubokunu qazanıb.

İdman.Biz