Mauro İkardi “İnter”ə qayıtmaq istəyir: “Fərqli sonluq arzulayıram”

30 Oktyabr 2026 15:42
80
Mauro İkardi “İnter”ə qayıtmaq istəyir: “Fərqli sonluq arzulayıram”

İtaliyanın “İnter” futbol komandasının sabiq kapitanı Mauro İkardi yenidən Milan təmsilçisinin formasını geyinmək istədiyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, 33 yaşlı argentinalı hücumçu “La Repubblica” qəzetinə müsahibəsində keçmiş komandasından ayrıldığı dövrdə yaşadığı hadisələrdən danışıb.

“İnter”ə qayıtmaq mənim üçün xüsusi hadisə olardı. Orada çox vacib illər keçirmişəm, kapitan sarğısını daşımışam. Bu komanda ilə bağlı xatirələrim şəxsiyyətimin bir hissəsinə çevrilib. Ayrılığımız ağrılı oldu və həmin hekayəni fərqli şəkildə başa vurmaq istərdim. Amma qayıdış yalnız hər iki tərəfin buna inanacağı halda məntiqli olar”, – deyə İkardi bildirib.

Argentinalı futbolçu keçmiş baş məşqçi Luçano Spallettinin onu kapitanlıqdan uzaqlaşdırması barədə də danışıb.

“Keçmişə qayıtmaq imkanım olsaydı, xüsusilə son dövrlərdə bəzi vəziyyətlərə münasibətimi dəyişərdim. Həmin vaxt dizimdə problem var idi və hər oyuna ağrıkəsici iynələrlə çıxırdım. Buna baxmayaraq, zədəmlə bağlı şübhələr səsləndirilirdi. Bu isə mənim üçün çox ağır idi. Bu gün həmin vəziyyəti daha yaxşı izah edə bilərdim”, – deyə hücumçu vurğulayıb.

Hazırda azad agent olan İkardi hələ də yeni komanda seçmədiyini etiraf edib. Onun sözlərinə görə, müxtəlif təkliflər alsa da, yalnız idman layihəsinə tam inandığı klubla müqavilə imzalamaq istəyir.

Qeyd edək ki, Mauro İkardi 2013–2019-cu illərdə “İnter”in formasını geyinib. O, Milan təmsilçisinin heyətində İtaliya A Seriyasında iki dəfə bombardir olub. Argentinalı futbolçu daha sonra Fransanın PSJ və Türkiyənin “Qalatasaray” komandalarında çıxış edib.

İdman.Biz