“Qəbələ”nin futbolçusu fasilədən sonrakı hədəflərini açıqladı

10 Oktyabr 2026 17:14
68
“Qəbələ”nin futbolçusu fasilədən sonrakı hədəflərini açıqladı

"Bəli, fasilə çox uzun çəkdi. Çempionat oyunlarına qayıtmağı səbirsizliklə gözləyirdik və çempionatın nəhayət yenidən başlamasına çox sevinirik".

Bu sözləri "Qəbələ"nin müdafiəçisi Natan Monzanqo milli fasilədən sonrakı hazırlıq prosesi və yeni baş məşqçinin komandaya gəlişi barədə danışarkən deyib.

Konqolu futbolçu yeni baş məşqçinin komandaya verdiyi inamı və çempionatın yeddinci turunda "Sumqayıt"a qarşı keçirəcəkləri görüşdən gözləntilərini diqqətə çatdırıb.

"Yeni baş məşqçi bir neçə həftə əvvəl gəlib. Ünsiyyət yaxşı idi və o, bizə çox inam və qətiyyət verib. Düşünürəm ki, baş məşqçimizin gözləntilərini qarşılaya bilərik. Əlbəttə ki, bu, bizdən çox diqqət və sədaqət tələb edəcək. Ancaq biz çətinliyi qəbul etməyə hazırıq. İndi bunu liqa oyunları zamanı meydanda göstərməliyik.

Düşünürəm ki, qələbəyə ehtiyacı olan iki komanda arasında yaxşı oyun olacaq. Necə ki, bizim xallarımız əsl səviyyəmizi tam əks etdirmir, 'Sumqayıt'ın xalları da onların səviyyəsini mütləq şəkildə əks etdirmir. Bu oyunu səbirsizliklə gözləyirəm. Çempionatın qalan hissəsində onlara uğurlar arzulayıram, amma ümid edirəm ki, bu gün 'Qəbələ' meydandan qalib ayrılacaq.
Bəli, dediyim kimi, biz iddialıyıq. Bu, kiməsə qarşı hörmətsizlik kimi qəbul edilməməlidir, lakin mən hesab edirəm ki, xal ehtiyatımız əsl səviyyəmizi əks etdirmir. Bununla belə, bunu dilə gətirmək başqa, meydanda sübut etmək isə tamamilə başqa məsələdir. Ümid edirəm ki, bu proses bu gün güclü komanda oyunu və hər şeydən əvvəl qələbə ilə başlayacaq", - deyə o sportal.az-a açıqlamasında söyləyib.

Qeyd edək ki, "Qəbələ" Misli Premyer Liqasının yeddinci turu çərçivəsində bu gün “SOCAR Polymer Arena”da "Sumqayıt"ı qəbul edəcək. Görüşün start fiti 19:30-da səsləndiriləcək.

İdman.Biz