“Neftçi” ilə oyundan sonra düşünürəm ki, bu qarşılaşma bizi “Slaviya Praqa” ilə matça daha da motivasiya edəcək”.
Bunu “Sabah”ın futbolçusu Umarali Raxmonaliyev Misli Premyer Liqasının yeddinci turunda “Neftçi” ilə 0:0 hesablı heç-heçədən sonra sportify.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Oyunla bağlı fikirləriniz nələrdir?
– Bu gün çox intensiv oyun oldu. Qarşılaşmada fasilələr az idi, hər iki komanda qalib gəlmək istəyirdi. Düşünürəm ki, maraqlı matç alındı. Hər iki komanda üçün çətin oldu. Çoxlu qol imkanları yarandı, amma qapılara top daxil olmadı.
– Oyunda mübahisə oldu. Bu, matçın tempinə necə təsir göstərdi?
– Düşünürəm ki, bu cür oyunlar bizə yalnız inkişaf etmək və irəli getmək baxımından kömək edir. “Neftçi” ilə qarşılaşmada komandamızın müsbət məqamlarını görmək mümkün idi. Məncə, bu matç da bizim üçün faydalı oldu.
– Növbəti oyununuz Çempionlar Liqasında “Slaviya Praqa”ya qarşı olacaq. Gözləntiləriniz nələrdir?
– “Neftçi” ilə oyundan sonra düşünürəm ki, bu qarşılaşma bizi “Slaviya Praqa” ilə matça daha da motivasiya edəcək. Bizi çox çətin oyun gözləyir. Rəqibi təhlil edəcəyik və matça hazırlaşacağıq. Qarşılaşmaya cəmi üç gün qalıb.
– Özbəkistan millisindən iki dəfə dəvət almısınız. Bu barədə nə deyə bilərsiniz?
– Özbəkistan millisindən dəvət almışam, amma çox oyun keçirməmişəm. Bu, baş məşqçinin qərarıdır. Mənə neçə dəqiqə şans verilməsindən asılı olmayaraq, oynamağa hazıram. Milli komandada meydana çıxmaq mənim üçün böyük şərəfdir. Bir dəqiqə də oynasam, 90 dəqiqə də, fərqi yoxdur. Hər zaman ürəyimlə oynayıram.
– Dünya çempionatı ərəfəsində milliyə dəvət alacağınız gözlənilirdi, amma heyətə daxil edilmədiniz. Turnirdə iştirak etmədiyinizə görə təəssüflənirsiniz?
– Bu, qismətdir. Allaha şükür, belə alındı. Təəssüflənmirəm.
– Azarkeşlərə nə demək istərdiniz? Komandaya qoşulduqdan sonra onların sevgisini qazanmısınız.
– Azarkeşlərə demək istəyirəm ki, oyunlara gəlsinlər, bizi dəstəkləsinlər. Sizin dəstəyinizə ehtiyacımız var. Azarkeşlərin dəstəyi bizə əlavə güc verir və bizi qələbələrə ruhlandırır.
