“Çətin oyun oldu. Lakin bu gün yaxşı qarşılaşma alındı”.
Bu sözləri “Sabah”ın futbolçusu Akim Zedadka deyib.
Cinah müdafiəçisi “Neftçi” ilə qolsuz heç-heçə etdikləri Misli Premyer Liqasının yeddinci turunun oyunundan sonra bildirib.
“Çox qol epizodları oldu. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Biz də qalib gəlmək niyyətində idik. Amma bunu bacara bilmirsənsə, məğlub olmamalısan. Bəzən bir xal da qənaətbəxş nəticədir. Heç-heçə ədalətli nəticə idi”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.
Zedadka UEFA Çempionlar Liqasında Çexiyanın “Slaviya” komandasına qarşı keçirəcəkləri matça da toxunub:
“Bu, fərqli turnir və fərqli rəqibdir. Bu gün diqqətimizi liqa oyununa yönəltmək vacib idi, çünki burada da qalib gəlmək istəyirdik. İndi isə Çempionlar Liqasında tamamilə fərqli qarşılaşma bizi gözləyir. “Slaviya” ilə oyuna da qələbə qazanmaq üçün çıxacağıq. Doğma meydanda oynayacağıq və ümid edirəm ki, azarkeşlərimiz bizi dəstəkləyəcəklər. Məncə, möhtəşəm oyun alınacaq”.
Qeyd edək ki, Premyer Liqanın yeddinci turu çərçivəsində dünən keçirilən “Neftçi” - “Sabah” matçı qolsuz başa çatıb.
