İngiltərənin “Sauthempton” futbol klubunun baş məşqçisi Tonda Ekkert casusluğa görə altı həftəlik şərti diskvalifikasiya və cərimə ilə cəzalandırılıb.
İdman.Biz xəbər verir ki, İngiltərə Futbol Assosiasiyasının müstəqil tənzimləyici komissiyası mütəxəssisi altı həftəlik şərti diskvalifikasiya və 28 min funt sterlinq (63 min manat) məbləğində cərimə edilib.
Cəza 2027/28 mövsümünün sonunadək qüvvədə olacaq. Ekkert başqa klubun məşqləri ilə bağlı məlumatların əldə edilməsi və ya istifadəsi ilə bağlı qaydaları yenidən pozacağı təqdirdə, diskvalifikasiya qüvvəyə minəcək.
İyul ayında İngiltərə Futbol Assosiasiyası Ekkerti qaydaları pozmaqda ittiham edib. Buna səbəb “Sauthempton”un 2025/26 mövsümündə Çempionşipdə mübarizə aparan üç komandanı izlədiyini etiraf etməsi olub. Çempionşip İngiltərə çempionatının ikinci səviyyəsidir.
“Sauthempton” pley-offun final oyununda iştirakdan kənarlaşdırılıb və 2026/27 mövsümündə 4 xal silinib.
“Sauthempton” Ekkertlə bağlı qərarı müsbət qarşılayıb. Klubun sahibi Draqan Solak isə bildirib ki, komanda pley-offdan kənarlaşdırıldıqdan sonra “artıq kifayət qədər əziyyət çəkib”.
“Sauthempton”un bəyanatında deyilir: “Ümid edirik ki, bu qərar tariximizdəki təəssüf doğuran dövrə son qoyacaq və belə səhvlərin klubumuzda bir daha təkrarlanmaması üçün lazımi tədbirlər görülüb”.
