“Bütün dövrlərin ən böyük futbolçusu yığmadan getdi”.
Bu sözləri “Sabah” klubunun sabiq futbolçusu Kristian Sebalyos Lionel Messinin Argentina millisindəki karyerasını bitirməsi barədə danışarkən deyib.
Vaxtilə “Barselona”nın akademiyasında argentinalı ulduzdan daha istedadlı hesab edilən ispaniyalı veteran hücumçu Messi ilə bağlı təəssüratlarını bölüşüb.
“O, futbol meydançasında tələb olunan hər şeyi mükəmməl şəkildə yerinə yetirməyə qadir biridir. Bir daha belə bir istedadı görmək çətin olacaq. Bəxtim gətirdi ki, onunla bir həftə birgə məşq etdim və onda gördüyüm bacarıqları sonra heç kəsdə görmədim”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.
Sebalyos bildirib ki, Messinin milli komandadan gedişindən sonra yığmada keçid prosesi olacaq:
“Məşqçilər bu qədər mühüm fiqur olmadan komanda qurmağa məcbur olacaqlar. Oyun daha çox kollektiv xarakter daşıyacaq və komandanın gücü məhz kollektivdə olacaq. Eynilə Luis Enrikenin hücum və müdafiə strukturlarını dəyişdiyi PSJ-də olduğu kimi”.
Qeyd edək ki, Lionel Messinin vida matçında Argentina millisi Benin yığmasını 3:0 hesabı ilə məğlub edib. Ulduz futbolçu millinin heyətində 208 oyun keçirib, 126 qol vurub və 70 məhsuldar ötürmə edib. O, Argentina ilə 2008-ci ildə Olimpiya Oyunlarının, 2021 və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə isə Finalissima və dünya çempionatının qalibi olub.
