“Liverpul”un əfsanəvi futbolçusu Stiven Cerrard Məhəmməd Salahın müqaviləsinin başa çatmasına bir il qalmış klubdan ayrılmaq qərarını müdafiə edib.
İdman.Biz “Sport Bible”a istinadən xəbər verir ki, Cerrard misirli futbolçunun keçmiş baş məşqçi Arne Slotla yaşadığı fikir ayrılığından sonra “Liverpul”dan ayrılmasını normal qarşıladığını bildirib.
“Düşünmürəm ki, hər bir futbolçu karyerasını uzun müddət uğur qazandığı klubda başa vurmalıdır. Karyeranızın son mərhələsinə çatdıqda vacib olan odur ki, oynamaqdan həzz almağa davam edəsiniz, baş məşqçinin sizə dəyər verdiyini hiss edəsiniz və hələ də matçlara ilk 11-də başlayasınız”, - deyə Cerrard bildirib.
O, 2015-ci ildə Brendon Rocersin rəhbərliyi altında “Liverpul”dan ayrılmasını xatırladaraq, təcrübəli futbolçular üçün özlərini dəyərli hiss etməyin vacib olduğunu vurğulayıb.
Salah avqust ayında Türkiyənin “Trabzonspor” klubuna azad agent kimi keçib. O, “Liverpul”dan klub tarixində 257 qolla üçüncü ən məhsuldar futbolçu kimi ayrılıb.
