“Şotlandiya ilə oyun asan olmayacaq. Xüsusilə belə ağır səfər qarşılaşması çox çətin keçəcək”.
Bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Ağadadaş Salyanski Avropa çempionatının seçmə mərhələsinin B qrupunda səfərdə Şotlandiya ilə keçirəcəkləri doqquzuncu tur oyunu barədə danışarkən deyib.
22 yaşlı forvard rəqibin yaxşı komanda olduğunu bildirib.
“Biz də yaxşı hazırlaşmışıq, rəqibin güclü və zəif tərəflərini təhlil etmişik. İnşallah, sabahkı oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Ölkəmizi layiqincə təmsil etməyə can atacağıq”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.
O, U-21-in keçmiş baş məşqçisi Samir Əliyevin dövrü ilə müqayisədə hazırkı komandada vəziyyətin müəyyən qədər fərqli olduğunu bildirib:
“Samir Əliyevin dönəmində uşaqların çoxu klublarında az şans qazanırdılar. Həmin vaxt da çətin qrupa düşmüşdük. Oyun praktikasının az olması, xüsusilə Şotlandiya kimi güclü komandalara qarşı matçlarda bizə çətinlik yaradırdı. Amma indiki heyətdə yer alanların, demək olar ki, hamısı Premyer Liqada oynayan futbolçulardır. Bu da bizim üçün bir qədər yaxşıdır. Çünki daim oynayanda oyun praktikası sarıdan əziyyət çəkmirsən və bu cür matçlarda daha rahat olursan”.
Azərbaycanın U-21 millisi Şotlandiya ilə oyundan sonra - oktyabrın 6-da Bakıda Cəbəllütariqlə qarşılaşacaq. Salyanski həmin matçda yalnız qələbə qazanmaq barədə düşündüklərini vurğulayıb.
Futbolçu əsas milliyə dəvət almaq arzusunu da gizlətməyib:
“Çox istərdim ki, əsas milliyə düşüm. Buradakı oyunlar bitəndən sonra icarə əsasında çıxış etdiyim “Araz-Naxçıvan”ın düşərgəsinə dönəcəyəm. Orada da özümü ən yaxşı tərəfdən göstərməyə çalışacağam ki, növbəti toplanışlara dəvət alım və əsas millidə oynayım”.
Qeyd edək ki, sentyabrın 30-da Kilmarnok şəhərində yerləşən “Ruqbi Park” stadionunda keçiriləcək Şotlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Rəşad Eyubovun komandası səkkiz oyundan sonra yeddi xalla altıncı komanda arasında beşinci pillədə qərarlaşıb.
