Holandın soyadını mənimsəyən polşalı elektrik ustası məğlubiyyətlə barışmır

24 Noyabr 2026 19:26
45
Holandın soyadını mənimsəyən polşalı elektrik ustası məğlubiyyətlə barışmır

İngiltərənin “Mançester Siti” klubunun və Norveç millisinin hücumçusu Erlinq Holand öz soyadından kommersiya məqsədilə istifadə hüququ uğrunda məhkəmə mübarizəsi aparır.

İdman.Biz xəbər verir ki, qalmaqala səbəb Norveçdə çalışan polşalı elektrik ustası Mixal Vasın “Haaland” adını əmtəə nişanı kimi qeydiyyatdan keçirməsi olub.

Futbolçu problemlə ilk dəfə 2023-cü ildə Avropa İttifaqında şəxsi brendini qeydiyyatdan keçirmək istəyərkən üzləşib. Məlum olub ki, polşalı elektrik ustası artıq bu ad üzərində hüquq əldə edib.

Qeydiyyat idman geyimləri, protein əlavələri, enerji içkiləri, idman çantaları, spirtli içkilər, yoqurtlar, oyuncaqlar və hətta qadın alt paltarları da daxil olmaqla 16 məhsul kateqoriyasını əhatə edib.

Avropa İttifaqının Əqli Mülkiyyət İdarəsinin ekspertləri elektrik ustasının futbolçunun məşhurluğundan haqsız şəkildə faydalanmağa çalışdığı qənaətinə gəliblər və əmtəə nişanının qeydiyyatı ləğv edilib.

Lakin Vas qərarla razılaşmayaraq Avropa İttifaqının Ümumi Məhkəməsinə müraciət edib.

Holandın vəkilləri qeydiyyat zamanı futbolçunun Polşada kifayət qədər məşhur olduğunu və elektrik ustasının vicdansız niyyətlə hərəkət etdiyini bildiriblər.

Vas isə “Haaland” adının “High Advanced Activity Land” ifadəsindən yarandığını iddia edib. Ekspertlər onun arqumentlərini inandırıcı hesab etməyiblər.

Bu, 26 yaşlı norveçli futbolçunun cari ildə üzləşdiyi ilk hüquqi mübahisə deyil. Daha əvvəl onun nümayəndələri Holandın uzun saç düzümünün reklam məqsədilə təyyarə şəklinə əlavə edilməsinə görə Norveç aviaşirkətinə qarşı məhkəmə iddiası qaldırıblar.

İdman.Biz