Futbol üzrə İngiltərə Premyer Liqasının maliyyə qaydalarının pozulması ilə bağlı ittihamlarından sonra “Mançester Siti”nin üzləşə biləcəyi mümkün sanksiyaların daha bir variantı ortaya çıxıb.
İdman.Biz xəbər verir ki, “The Athletic”in adı açıqlanmayan keçmiş Premyer Liqa top-meneceri ilə şəxsi söhbətə istinadən yaydığı məlumata görə, klubun 3-5 il ərzində hər mövsüm 20-25 xalının silinməsi mümkündür.
Mənbənin sözlərinə görə, məqsəd klubu yüksək diviziondan kənarlaşdırmamaq, lakin turnir cədvəlinin ortasındakı “ölü zonada” saxlamaqdır. Bu halda “Mançester Siti” Avropa yarışlarında iştirakdan əldə olunan gəlirlərdən də məhrum ola bilər.
Qeyd edək ki, “Mançester Siti”nin Premyer Liqanın maliyyə qaydalarını pozması ilə bağlı 115 ittihamdan 114-də təqsirli bilindiyi barədə məlumat yayılıb. Lakin klub üçün konkret cəza hələ müəyyənləşdirilməyib və “Siti”nin qərardan apellyasiya şikayəti verəcəyi gözlənilir.
Daha əvvəl isə ən ağır ssenaridə “Mançester Siti”nin peşəkar futboldan kənarlaşdırıla biləcəyi bildirilmişdi.
