“Qəbələ” futbol komandasının baş məşqçisi Yeton Bekiri “Karvan-Yevlax”la yoxlama oyunu barədə fikirləri bölüşüb.
İdman.Biz xəbər verir ki, Şimali makedoniyalı mütəxəssis 0:0 hesabı ilə başa çatan matçı belə şərh edib.
“Bu həftə çox çalışmışıq. Gündə iki dəfə məşqlərimiz olurdu. Bu səbəbdən komanda yorğun görünürdü. “Sumqayıt”la oyuna hazırlaşmağa hələ vaxtımız var. Bu matçda əsas məqsədimiz gənc futbolçulara şans vermək, onların təzyiq altında necə oynadıqlarını müəyyənləşdirmək idi.
Mənim üçün ən vacibi futbolçuların çatışmazlıqlarını görmək idi. Bəzi futbolçular 30, bəziləri 25 dəqiqə oynadı. Əsas odur ki, görüşü zədəsiz başa vurduq. Dörd futbolçumuz müxtəlif yaş qrupları üzrə milli komandaların düşərgəsindədirlər. Çox çalışıb vəziyyəti yaxşılaşdıracağıq. Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik”, - deyə o söyləyib.
Yeton Bekiri heyətə yeni cəlb edilən braziliyalı hücumçu Rafael Utziqin durumunu da dəyərləndirib:
“Bu gün Rafael Utziq təxminən 30 dəqiqə meydanda oldu. Çox keyfiyyətli futbolçudur. Hələ ki komanda ilə cəmi iki məşqə çıxıb. Braziliyada fərdi məşqlər edib. İki-üç həftəyə ən yaxşı formasına yüksələcək”.
