Çilinin “Kolo-Kolo” futbol komandasının Kabo-Verde millisindən olan qapıçısı Vozinya klubda qalmaq və Libertadores Kubokunda çıxış etmək istədiyini bildirib.
İdman.Biz xəbər verir ki, bu barədə “RedGol” məlumat yayıb. 39 yaşlı qolkiper “Kolo-Kolo”ya keçidinin səbəbini klubun ona ən çox maraq göstərməsi ilə izah edib. O, ABŞ-dən təklif almadığını, Səudiyyə Ərəbistanından isə müəyyən marağın olduğunu, lakin bunun konkret təklifə çevrilmədiyini deyib.
Vozinyanın “Kolo-Kolo” ilə müqaviləsi ilin sonuna qədər qüvvədədir. Onun müqaviləsinin avtomatik uzadılması üçün komandanın rəsmi oyunlarının ən azı yarısında meydana çıxması tələb olunur. Qapıçı yaxın gələcəklə bağlı danışarkən “Libertadores Kubokunda tezliklə oynamağı gözləyirəm” deyib.
Kabo-Verde millisinin üzvü 2026-cı il dünya çempionatından sonra məşhurluğunun artmasının şəxsi həyatına təsir etdiyini də etiraf edib. Vozinya əvvəlki sakit həyatını daha çox bəyəndiyini və artıq əvvəlki qədər məxfiliyinin qalmadığını söyləyib.
Onun sözlərinə görə, indi restorana və ya başqa ictimai yerə gedəndə daim şəkil və avtoqraf istəyənlər olur, bəzən isə insanlar onu videoya çəkirlər. Qapıçı bunun dünya çempionatından sonrakı həyatında ən böyük dəyişiklik olduğunu vurğulayıb.
