Bu gün Türkiyə Kubokunun 2026/27 mövsümünə start veriləcək. Turnir 40 komandanın iştirakı ilə keçiriləcək ilk təsnifat mərhələsinin oyunları ilə başlayacaq. Üç gün ərzində 20 qarşılaşma baş tutacaq. Bu gün iki, sabah 16, sentyabrın 17-də isə daha iki oyun keçiriləcək.
İdman.Biz xəbər verir ki, mövsümün ilk qarşılaşması Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. “1923 Afyonkarahisar” “Ürgüpspor”u qəbul edəcək. Saat 21:00-da isə “Altay” “Söke 1970”lə üz-üzə gələcək. Bütün oyunların başlama saatları Bakı vaxtı ilə göstərilib.
“Altay”ın iştirakı xüsusi maraq doğurur. Klub Türkiyə Kubokunu iki dəfə – 1967 və 1980-ci illərdə qazanıb. Lakin komanda bu dəfə mübarizəyə ən erkən mərhələdən başlayır.
“Altay”ın ilk kubokunun tarixçəsi xüsusilə maraqlıdır. 1967-ci ildə finalda “Göztepe” ilə qarşılaşan komanda əsas və əlavə vaxtda 2:2 hesablı heç-heçə edib. Həmin vaxt qalib püşkatma yolu ilə müəyyənləşdirilib və kubok “Altay”a qismət olub. İzmir təmsilçisi ikinci titulunu isə 1980-ci ildə “Qalatasaray”ı məğlub etməklə qazanıb.
Ən sıx oyun proqramı sabah – sentyabrın 16-da olacaq. Saat 15:00-da 11 qarşılaşma başlayacaq: “Adanaspor” – “Yeni Malatyaspor”, “Karaman” – “Kepezspor”, “Osmaneli” – “Eskişehir Anadolu”, “Kırıkkale” – “Kırşehir”, “Sinopspor” – “Arıt Kayadibi”, “Tokat Belediye” – “Keşapspor”, “Kilis Birlikgücü” – “Kahta 02”, “Dersimspor” – “Gelecek Siirt 56”, “Cizre Belediyespor” – “Hakkari Zap”, “Göle” – “Kars 36” və “Bayburtspor” – “Borçkaspor”.
Saat 16:00-da “Galata” – “Yalova 77”, “İnkılap” – “Beykoz Anadolu” və “Uzunköprüspor” – “Kartal Bulvar” matçları keçiriləcək.
Saat 18:00-da “Bucaspor 1928” “Gaziemir”i qəbul edəcək. Günün son görüşündə isə saat 21:00-da “Yeni Mersin İdman Yurdu” “Bucak Belediye Oğuzhanspor”la qarşılaşacaq.
İlk təsnifat mərhələsinə sentyabrın 17-də yekun vurulacaq. Həmin gün saat 15:30-da “Amasyaspor” – “Çankırıgücü”, saat 20:00-da isə “Orduspor 1967” – “Torul Belediyespor” matçları başlayacaq.
Yeni mövsümün əsas xüsusiyyəti qrup mərhələsinin ləğv edilərək birbaşa pley-off sisteminə qayıdılmasıdır.
Ümumilikdə turnirdə 146 komanda iştirak edəcək. Onlar mübarizəyə müxtəlif mərhələlərdə qoşulacaqlar. Beş təsnifat mərhələsindən sonra 1/8 final, 1/4 final, yarımfinal və final oyunları keçiriləcək.
Yarımfinal istisna olmaqla, bütün mərhələlərdə qalib bir oyun əsasında müəyyənləşəcək. Əsas vaxt heç-heçə ilə başa çatarsa, hərəsi 15 dəqiqə olmaqla iki əlavə hissə oynanılacaq. Bərabərlik yenə də pozulmazsa, qalib penaltilər seriyası ilə müəyyənləşdiriləcək.
Yalnız yarımfinal mərhələsi iki oyundan – ev və səfər matçlarından ibarət olacaq.
“Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş”, “İstanbul Başakşehir” və kubokun hazırkı sahibi “Trabzonspor” mübarizəyə beşinci təsnifat mərhələsindən, yəni faktiki olaraq 1/16 finaldan başlayacaqlar.
Bu səbəbdən ilk mərhələdə mübarizəyə başlayan komandalar Türkiyənin aparıcı klublarından biri ilə qarşılaşmaq üçün əvvəlcə daha dörd mərhələni keçməlidirlər.
Növbəti mərhələnin püşkatması sentyabrın 18-də Bakı vaxtı ilə saat 16:00-da keçiriləcək. Birinci mərhələnin 20 qalibi ilə yanaşı, ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulan 42 komanda da rəqiblərini tanıyacaq.
İkinci mərhələnin oyunları 6-8 oktyabr, üçüncü mərhələnin qarşılaşmaları isə 27-29 oktyabr tarixlərində keçiriləcək. Turnirin favoritləri mübarizəyə dekabrda qoşulacaqlar. Türkiyə Kubokunun finalı isə 29 may 2027-ci ildə keçiriləcək.
