İtaliyanın “Kalyari” klubunu hücumçusu, Paolo Maldininin oğlu Daniyel Maldini toksikoloji testlərdən keçib və nəticələr mənfi olub.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Maldini sentyabrın 13-də səhər saatlarında Milanda qəzaya düşüb və daha sonra xəstəxanaya yerləşdirilib. Onun avtomobili başqa bir maşınla toqquşub, nəticədə altı nəfər yüngül xəsarət alıb. Bundan sonra İtaliya mətbuatında futbolçunun alkoqol testi və ilkin narkotik testindən keçdiyi, hər iki nəticənin müsbət olduğu barədə məlumat yayılıb.
“Son saatlarda mətbuatda yayılan xəbərlərdən sonra Daniyel Maldini toksikoloji yoxlamaya cəlb olunub. Keçirilən bütün testlərin nəticəsi mənfi olub”, - deyə klubun açıqlamasında bildirilib.
24 yaşlı futbolçu bazar ertəsi günortadan sonra komandaya qoşulacaq və kollektiv məşqləri bərpa edəcək.
Kiçik Maldini “Atalanta”dan icarə əsasında keçdiyi “Kalyari”də çıxış edir.
Onun atası Paolo Maldini İtaliya millisinin heyətində dünya və Avropa çempionatlarının vitse-çempionu, “Milan”ın heyətində isə beşqat Çempionlar Liqası qalibi və yeddiqat A Seriyası çempionudur.
İtaliya çempionatında dörd turdan sonra “Kalyari” 9 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda növbəti oyununu sentyabrın 19-da səfərdə “Udineze”yə qarşı keçirəcək.
