Bundesliqa: “Borussiya” “Hoffenhaym”ın qonağı olacaq, “Bavariya” “Şalke”ni imtahan edəcək - İDMAN.BİZ-in İCMALI

5 Sentyabr 2026 17:08
100
Bundesliqa: “Borussiya” “Hoffenhaym”ın qonağı olacaq, “Bavariya” “Şalke”ni imtahan edəcək - İDMAN.BİZ-in İCMALI

Almaniya Bundesliqasında 2026/27 mövsümünün ikinci turuna start verilib.

İdman.Biz xəbər verir ki, turun dünən keçirilən ilk matçında “Ştutqart” “Köln”ü qəbul edib. Meydan sahibləri ilk turda “Bavariya”ya darmadağın hesabı ilə uduzduqları görüşdən sonra toparlanaraq inamlı qələbə qazanıblar - 4:1. Bilal El-Hannus ilk hissədə hesabı açıb. Fasilədən sonra Qrişa Premel, Ermedin Demiroviç və Yoşa Vaqnomann fərqləniblər. Qonaqların yeganə qolu isə Ramon Hendriksin avtoqolu kimi qeydə alınıb.

Şənbə gününün ən maraqlı qarşılaşmalarından bəziləri Zinsheym və Gelzenkirxendə keçiriləcək. “Hoffenhaym” Dortmund “Borussiya”sını qəbul edəcək, üç illik fasilədən sonra Bundesliqaya qayıdan “Şalke” isə son çempion “Bavariya” ilə qarşılaşacaq.

“Hoffenhaym” – “Borussiya” Dortmund

Komandalar çempionata tamamilə fərqli başlayıblar. “Hoffenhaym” ilk turda səfərdə “Köln”lə oyunda iki dəfə hesabda önə keçsə də, sonda xalsız qalıb – 2:3. Kristian İlzerin komandasının qollarını Adam Daqim və Ozan Kabak vurub. Hesab 1:1 olarkən Maksim Merştedt penaltidən yararlana bilməyib. Bundesliqanın startından əvvəl isə “Hoffenhaym” Almaniya Kubokunun ilk mərhələsini inamlı şəkildə keçərək “Ertsgebirge Aue”ni 4:0 hesabı ilə məğlub edib.

“Borussiya” isə çempionata doğma meydanda “Hamburq” üzərində 2:0 hesablı qələbə ilə başlayıb. Seru Girassi artıq 9-cu dəqiqədə hesabı açıb, fasilə ərəfəsində Yannis Konstantelias ikinci qolu vurub. Samuel İnasio son dəqiqələrdə meydandan qovulsa da, Niko Kovaçın komandası qapısını toxunulmaz saxlamağı bacarıb. Dortmundlular çərşənbə axşamı Almaniya Kubokunda da ilk mərhələni asanlıqla keçərək HEBC-ni 5:0 hesabı ilə darmadağın ediblər. Beləliklə, “Borussiya” mövsümün ilk iki rəsmi oyununda ümumi 7:0 top fərqi ilə qələbə qazanıb.

Lakin “Hamburq” üzərindəki qələbə dortmundlular üçün baha başa gəlib. Konstantelias sol dizinin ön çarpaz bağlarını qoparıb və bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq. Nəticədə klub hücum xəttini operativ şəkildə gücləndirib və “Arsenal”dan İtan Nvanerini icarəyə götürüb. 19 yaşlı ingiltərəli futbolçu artıq “Hoffenhaym”la oyunun iştirak ərizəsinə düşə bilər.

Qeyd edək ki, “Borussiya”nın heyət problemləri bununla bitmir. Emre Can da çarpaz bağlarının qopmasından sonra bərpa prosesini davam etdirir, Niko Şlotterbek topuq zədəsindən sonra hələ hazır deyil, İnasio isə diskvalifikasiya səbəbindən qarşılaşmanı buraxacaq. Rami Bensebaini qabırğa əzilməsindən sonra komanda ilə qismən məşqlərə qayıdıb. “Hoffenhaym”da isə ciddi heyət problemi yoxdur.

Xatırladaq ki, “Borussiya” Çempionlar Liqasının əsas mərhələsində Bakı “Sabah”ının rəqibidir. “Sabah” – “Borussiya” qarşılaşması oktyabrın 20-də Bakıda keçiriləcək.

“Şalke” – “Bavariya”

“Şalke”nin üçillik fasilədən sonra Bundesliqaya qayıdışı heç də yaxşı alınmayıb. Miron Musliçin komandası ilk turda “Auqsburq”a 0:3 hesabı ilə uduzub. Gelzenkirxen təmsilçisi 18-ci dəqiqədə ilk qolu buraxıb, Ron Şallenberqin 62-ci dəqiqədə qırmızı vərəqə almasından sonra isə meydan sahibləri daha iki dəfə fərqləniblər. Yeri gəlmişkən, “Şalke”nin 7 futbolçusu üçün həmin oyun Bundesliqada debüt olub.

Bununla belə, “Şalke” çempionat başlamazdan əvvəl Almaniya Kubokunda ilk mərhələni keçməyi bacarıb. “Hallşer”lə görüş gözlənildiyindən daha çətin alınıb və Gelzenkirxen klubu yalnız əlavə vaxtda 5:2 hesablı qələbə qazanıb. Edin Dzeko dubl edib. O, qollarından birini 117-ci dəqiqədə vurub.

Transfer pəncərəsinin son günlərində “Şalke” hücum xəttini Hvan Hi Çxanla gücləndirib. Cənubi Koreya millisinin üzvü “Vulverhempton”dan bir mövsümlük icarəyə keçib. O, Almaniya futboluna “Hamburq” və “RB Leypsiq”dəki çıxışlarından yaxşı bələddir. Çempionla qarşılaşmada diskvalifikasiya olunmuş Şallenberq meydana çıxmayacaq. Sedir Qantenbeyn, Oskar Heylund və Brayan Lasme də iştirak ərizəsindən kənarda qala bilər. Kapitan Kenan Karamanın iştirakı isə sual altındadır.

“Bavariya” isə mövsümün əvvəlində əsas favorit statusunu şübhə altına almağa rəqiblərə heç bir əsas vermir. Münhenlilər ilk turda “Ştutqart”ı 5:1 hesabı ilə darmadağın ediblər. Dayo Upamekano hesabı açıb, fasilədən sonra Maykl Olise, Aleksandar Pavloviç və Luis Dias fərqlənib. Daha bir qol isə Yoşa Vaqnomannın avtoqolu olub.

Qeyd edək ki, Vensan Kompaninin komandası yeni mövsümdə keçirdiyi hər üç rəsmi oyunda qələbə qazanıb. Çempionatın startından əvvəl Frants Bekkenbauerin adını daşıyan Superkubok matçında Dortmund “Borussiya”sını 2:1 hesabı ilə məğlub edən “Bavariya” sentyabrın 2-də Almaniya Kubokunda “Osnabrük”ü 4:1 hesabı ilə keçib. Harri Keyn kubok görüşündə dubl edib. Hazırda Münhen klubunda ciddi heyət problemi yoxdur.

Bundesliqanın 2-ci turunun oyun cədvəli

4 sentyabr

“Ştutqart” – “Köln” – 4:1

5 sentyabr

17:30. “Hoffenhaym” – “Borussiya” Dortmund

17:30. “Bayer” – “Union”

17:30. “Borussiya” Münhenqladbax – “Elversberq”

17:30. “Verder” – “RB Leypsiq”

17:30. “Paderborn” – “Frayburq”

20:30. “Şalke” – “Bavariya”

6 sentyabr

17:30. “Hamburq” – “Maynts”

19:30. “Ayntraxt” Frankfurt – “Auqsburq”

Sentyabrın 5-nə Bundesliqanın turnir cədvəli

“Bavariya” – 3

“Frayburq” – 3

“Auqsburq” – 3

“RB Leypsiq” – 3

“Borussiya” Dortmund – 3

“Elversberq” – 3

“Ştutqart” – 3

“Köln” – 3

“Ayntraxt” Frankfurt – 1

“Union” – 1

“Maynts” – 1

“Paderborn” – 1

“Hoffenhaym” – 0

“Bayer” – 0

“Hamburq” – 0

“Verder” – 0

“Borussiya” Münhenqladbax – 0

“Şalke” – 0

İdman.Biz