Futbol üzrə İspaniya La Liqasında 2026/27 mövsümünün dördüncü turuna start verilir.
İdman.Biz xəbər verir ki, “Barselona” və “Real Madrid” bu tura itkisiz gəlib. Hər iki komandanın hesabında doqquz xal var. Kataloniya təmsilçisi daha yaxşı top fərqinə görə turnir cədvəlinə başçılıq edir. “Atletiko”, “Alaves” və “Osasuna” isə yeddi xalla növbəti üç pilləni bölüşür.
Qeyd edək ki, 6-cı turun təxirə salınmış oyunu artıq keçirilib. Qarşılaşmada “Real Sosyedad” və “Selta” 0:0 hesablı heç-heçə edib.
“Real Betis” - “Real Madrid”
Dördüncü turun ilk oyunu Sevilyada keçiriləcək. “Betis” bu görüşə yalnız “Levante”yə 2:5 hesablı ağrılı məğlubiyyətdən sonra deyil, həm də transfer bazarından gələn səs-küylü xəbərlərin fonunda çıxacaq.
Klub bir gün əvvəl Troy Parrott və Dani Sebalyosu təqdim edib. Sonuncu peşəkar karyerasına başladığı komandaya qayıdıb və indi keçmiş klubu “Real Madrid”ə qarşı meydana çıxa bilər. Sebalyosun “Betis”lə müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub.
Sevilya təmsilçisi Valensiyada uduzana qədər “Valensiya” və “Real Sosyedad”ı eyni hesabla - 1:0 məğlub edib.
Madrid klubunda isə vəziyyət tamamilə fərqlidir. “Real” üç oyunda üç qələbə qazanıb, 10 qol vurub və cəmi 2 top buraxıb. Kilian Mbappe xüsusilə yaxşı formadadır. O, son iki qarşılaşmada 4 dəfə fərqlənib.
Madridlilərin baş məşqçisi Xose Mourinyonun isə heyətlə bağlı itkiləri var. Bərpa prosesində olan Orelyen Tçuameni, Eder Militao, Ferlan Mendi, Rodriqo, Endrik, Raul Asensio və Tyaqo Pitarç oyunun iştirak ərizəsinə daxil edilməyib.
Mourinyo qarşılaşmadan əvvəl bildirib ki, “Betis” üzərində qələbə qazanmaq üçün komandası ən yaxşı futbolunu nümayiş etdirməlidir.
“Vilyarreal” - “Deportivo”
Azərbaycanlı azarkeşlər üçün bu qarşılaşma xüsusi maraq doğurur. Çünki “Vilyarreal” Çempionlar Liqasının əsas mərhələsində Bakı “Sabah”ının rəqiblərindən biridir.
İnyiqo Peresin rəhbərlik etdiyi komanda üçün yeni mövsüm hələlik çətin keçir. “Rasinq” və “Atletiko” ilə heç-heçələrdən sonra “Alaves”ə məğlub olan “sarı sualtı qayıq” üç turdan sonra cəmi iki xal toplayıb.
“Deportivo” ilə görüş “Vilyarreal”ın cari çempionatda ilk ev oyunu olacaq. İspaniya klubunun uyğunlaşmaq üçün isə demək olar ki, vaxtı yoxdur. Çünki komanda artıq sentyabrın 8-də Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirəcək. “Vilyarreal” səfərdə Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Turnirdə onun rəqibləri arasında “Sabah” da var.
“Deportivo” isə hələ məğlub olmayıb. İki heç-heçədən sonra komanda ilk qələbəsini “Valensiya” üzərində 3:1 hesablı qələbə ilə qazanıb.
Qalisiya təmsilçisi transfer pəncərəsinin bağlanmasından əvvəl heyətini də gücləndirib. “Barselona”dan 2027-ci ilin iyununa qədər icarəyə götürülən Mark Kasado və Xose Mariya Ximenes sentyabrın 3-də yeni komandaları ilə ilk məşqə çıxıblar. Beləliklə, Antonio İdalqonun “Vilyarreal” səfəri öncəsi seçim imkanları genişlənib.
“Valensiya” – “Barselona”
“Mestalya”dakı qarşılaşma xüsusi əhəmiyyət daşıyacaq. “Barselona”nın məlumatına görə, bu, kataloniyalıların məşhur “Valensiya” stadionunda keçirəcəyi son oyun olacaq.
“Valensiya” “Mestalya”da son mövsümünü keçirir. Buna görə də iki klub arasındakı uzunmüddətli rəqabətin növbəti görüşü tarixi xarakter daşıyacaq.
“Valensiya”nın turnir cədvəlindəki vəziyyəti isə olduqca çətindir. Komanda üç turdan sonra cəmi 1 xal toplayıb və yalnız 1 qol vurub.
Klub transfer pəncərəsinin son günündə “Liverpul”dan Harvi Elliottu icarəyə götürüb. Eyni zamanda hücum xəttində problem yaranıb. Sadiq Umar “Deportivo” ilə oyunda sağ budunun arxa əzələsindən zədə alıb və hazırda bərpa prosesi keçir.
“Barselona” isə çempionata maksimum məhsuldarlıqla başlayıb. Kataloniya klubu 3 oyunda 9 xal toplayıb və 12 qol vurub. Rafinya ilk üç turda 5 dəfə fərqlənib və hər görüşdə qol vurub.
Valensiya səfəri öncəsi komandanın heyətində də xoş xəbərlər var. Qavi ümumi qrup məşqlərinə qayıdıb. Transfer pəncərəsinin son günündə “Arsenal”dan transfer olunan yeni hücumçu Qabriel Jezus isə komanda ilə ilk məşqinə çıxıb.
La Liqanın 4-cü turunun oyun cədvəli (Bakı vaxtı ilə)
4 sentyabr
23:00. “Real Betis” – “Real Madrid”
5 sentyabr
18:15. “Atletik” – “Atletiko”
20:30. “Rayo Valyekano” – “Rasinq”
23:00. “Vilyarreal” – “Deportivo”
6 sentyabr
18:15. “Valensiya” – “Barselona”
20:30. “Alaves” – “Osasuna”
20:30. “Malaqa” – “Levante”
23:00. “Espanyol” – “Sevilya”
7 sentyabr
21:00. “Xetafe” – “Selta”
23:30. “Elçe” – “Real Sosyedad”
Turnir cədvəli
4 sentyabr tarixinə
“Barselona” – 9 xal
“Real Madrid” – 9
“Atletiko” – 7
“Alaves” – 7
“Osasuna” – 7
“Sevilya” – 6
“Real Betis” – 6
“Deportivo” – 5
“Levante” – 4
“Rasinq” – 4
“Real Sosyedad” – 4
“Espanyol” – 3
“Atletik” – 3
“Xetafe” – 3
“Vilyarreal” – 2
“Selta” – 2
“Valensiya” – 1
“Rayo Valyekano” – 1
“Elçe” – 1
“Malaqa” – 1
