“Qarabağ”ın futbolçusu Kadi Borqes bir oyunu şərti olmaqla üç oyunluq cəzalanıb.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Braziliyalı futbolçu Azərbaycan Premyer Liqasının üçüncü turunda baş tutan “Sumqayıt” - “Qarabağ” qarşılaşmasının 31-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün bir oyunu şərti olmaqla üç oyunluq cəzalanıb. Bununla yanaşı Ağdam təmsilçisi 3 000 manat cərimə olunub. Yarımmüdafiəçiyə 6 ay sınaq müddəti təyin edilib.
Həmçinin sözügedən oyunda azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə “Sumqayıt” klubu 5 000 manat cərimələnib.
Bundan başqa, üçüncü turun “Zirə” - “Neftçi” matçının 70-ci dəqiqəsində ikinci sarı vərəqədən sonra cəzalanan “Neftçi”nin futbolçusu Elvin Bədəlov 1 oyunluq cəzaya məruz qalıb, paytaxt klubu isə 500 manat cərimələnib. Həmin görüşün 80-ci dəqiqəsində azarkeşlərin meydançaya kənar əşya atması səbəbindən “Neftçi” daha 2 000 manat cərimə edilib.
