“Mançester Yunayted”in Karriki istefaya göndərməməsinin səbəbləri üzə çıxıb

28 Oktyabr 2026 18:41
54
“Mançester Yunayted”in Karriki istefaya göndərməməsinin səbəbləri üzə çıxıb

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik uğursuz nəticələrə baxmayaraq, ən azı “Çelsi” ilə Premyer Liqa qarşılaşmasına qədər vəzifəsində qalacaq.

İdman.Biz "The Athletic"ə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi “Bornmut”a evdə 0:3 hesablı məğlubiyyətdən sonra 44 saata yaxın davam edən müzakirələrin yekununda 45 yaşlı mütəxəssisi istefaya göndərməmək qərarına gəlib.

Bazar ertəsi klubun həmsahibləri Cim Retkliff, Avram və Coel Qleyzer, baş direktor Omar Berrada və futbol direktoru Ceyson Uilkoks arasında onlayn müşavirə keçirilib. Lakin Karrikin vəzifəsində saxlanılması ona tam etimad göstərilməsi anlamına gəlmir.

Qərarın əsas səbəblərindən biri mümkün əvəzedicilərlə bağlı rəhbərlik daxilində vahid mövqeyin olmamasıdır. Eddi Hau, Yulian Nagelsmann və Antonio Konte namizədlər arasında göstərilir.

Maliyyə məsələləri də mühüm rol oynayıb. Xüsusilə Haunun “Nyukasl”dan ayrılması üçün təzminat ödənilməsi, onun və köməkçisi Ceyson Tindallın yüksək maaş tələbləri nəzərə alınıb. Məlumata görə, klub Erik ten Haq və Ruben Amorimin istefalarına ümumilikdə 30 milyon funt sterlinq xərcləyib.

Karrik isə futbolçular və məşqçilər korpusu ilə ayrıca görüş keçirib. Müsbət qiymətləndirilən toplantının komandanın çıxışına necə təsir göstərəcəyi “Çelsi” ilə qarşılaşmada bəlli olacaq.

Baş məşqçinin qarşısında duran əsas məsələlərdən biri kapitan Brunu Fernandeşin start heyətinə qaytarılmasıdır. Portuqaliyalı futbolçu “Komo” ilə oyundan sonra taktikanı tənqid etdiyi üçün “Bornmut”la görüşdə ehtiyatda saxlanılmışdı.

Klub daxilində yaranmış fikir ayrılıqlarının aradan qaldırılması gözlənilir. Bu halda Fernandeşin “Çelsi” ilə oyuna ilk dəqiqələrdən başlaması mümkündür.

Qeyd edək ki, “Mançester Yunayted” bütün turnirlərdə ardıcıl səkkiz oyundur qələbə qazana bilmir. Komandanı “Çelsi”, “Roma” və “Aston Villa” ilə qarşılaşmalar gözləyir. Noyabrda keçiriləcək milli komandaların oyunları ilə əlaqədar fasilə isə rəhbərliyə baş məşqçi məsələsini yenidən qiymətləndirmək imkanı verə bilər.

İdman.Biz