Azərbaycanda işləmiş almaniyalı funksioner: “FIFA-da belə bir tədbir indiyədək keçirilməyib”

28 Oktyabr 2026 15:03
36
Azərbaycanda işləmiş almaniyalı funksioner: “FIFA-da belə bir tədbir indiyədək keçirilməyib”

“Dünya çempionatı möhtəşəm təşkil olunub. Vaxtilə Azərbaycanda yaşadığım və bu layihənin bir hissəsi olduğum üçün qürur duyuram. Bu, dünyada analoqu olmayan bir tədbirdir. Hətta FIFA-nın özündə də indiyədək belə bir tədbir keçirilməyib. Uşaqların üzündəki təbəssümü görəndə təşkilatçılığın və logistikanın nə qədər yüksək səviyyədə olduğunu anlayırsan”.

Bu sözləri Bakının ev sahibliyi etdiyi FIFA U-15 dünya çempionatı və festivalı ilə bağlı ölkəmizdə səfərdə olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Bernard Lippert deyib.

Almaniyalı FIFA eksperti turnirdə favoritinin olmadığını söyləyib.

“Mənim üçün burada hansı komandanın favorit olması vacib deyil. Əsas odur ki, uşaqlar gülümsəsin, inkişaf etsin və müxtəlif ölkələrin komandalarına qarşı oynasınlar. Bu, onların həyatındakı ilk böyük təcrübələrdən biridir. Futbol vacibdir, amma bu, mənim üçün birinci yerdə dayanmır. Azərbaycan millisinə gəlincə, hazırda komanda haqqında ətraflı fikir bildirmək üçün kifayət qədər məlumatım yoxdur. Son üç ildə Qanada olmuşam, indi isə FIFA-da çalışıram. Millini yaxından tanımadan və daha çox məlumat əldə etmədən dolğun fikir söyləmək çətindir. Yalnız nəticələrə baxıram və son illərdə göstəricilər o qədər də yaxşı deyil. Ümid edirəm ki, gələcəkdə vəziyyət daha yaxşı olacaq”, - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.

Xatırladaq ki, Bernard Lippert 2008-2020-ci illərdə AFFA-nın texniki direktoru olub. O, 2009-2014-cü illərdə isə Berti Foqtsun rəhbərlik etdiyi Azərbaycan millisində köməkçi məşqçi və U-21 yığmasının baş məşqçisi kimi fəaliyyət göstərib.

Qeyd edək ki, oktyabrın 30-a kimi davam edəcək U-15 dünya çempionatı və festivalı 189 ölkədən futbolçuları bir araya gətirir. Turnir Bakı Kristal Zalında keçiriləcək altı final oyunu, mükafatlandırma və bağlanış mərasimi ilə yekunlaşacaq.

İdman.Biz