Özbəkistanda dünya şöhrətli “Ayaks” futbol akademiyası fəaliyyətə başlayıb.
İdman.Biz bu ölkə mətbuatına istinadən xəbər verir ki, “Navbahor” peşəkar klubunun nəzdində fəaliyyət göstərən futbol məktəbi gənc nəslin beynəlxalq standartlara uyğun hazırlanması məqsədilə üç il müddətinə “Ayaks” futbol akademiyasının idarəçiliyinə verilib.
Bununla əlaqədar Namanqan vilayətinin İdman İdarəsi ilə UEFA Çempionlar Liqasının üçqat qalibi və UEFA Kubokunun sahibi Amsterdamın “Ayaks” futbol klubu arasında əməkdaşlıq memorandumu imzalanıb.
1900-cü ildə əsası qoyulan “Ayaks” dünyanın ən tanınmış futbol akademiyalarından birinə malikdir. Klub yetirmələrinin Avropanın aparıcı komandalarına transferindən hər il orta hesabla 50-70 milyon avro gəlir əldə edir.
İkitərəfli razılaşmaya əsasən, “Navbahor” və “Ayaks” arasında birgə uşaq-gənclər futbol akademiyası yaradılacaq. Bundan əlavə, Namanqandan olan gənc futbolçuların və məşqçilərin hazırlanmasında “Ayaks”ın idarəetmə modeli tətbiq olunacaq.
Memorandum çərçivəsində Namanqanda Avropa futbol akademiyasının təcrübəli məşqçilər, skautlar və metodistlərdən ibarət mütəxəssislər qrupu fəaliyyət göstərir. Niderlandlı mütəxəssislər vilayətin futbol infrastrukturu, eləcə də şəhər və rayonlarda gənclərin hazırlanması sistemi ilə yaxından tanış olublar.
Daha sonra niderlandlı mütəxəssislərin rəhbərliyi altında seleksiya işləri aparılıb. Çoxsaylı namizədlər arasından texniki hazırlığı, oyun düşüncəsi, sürətli qərarvermə bacarığı və fiziki göstəriciləri ilə seçilən gənc istedadlar müəyyənləşdirilib.
Seçim mərhələsindən uğurla keçən futbolçular artıq avropalı mütəxəssislərin və ixtisaslı məşqçilərin rəhbərliyi altında məşqlərə başlayacaqlar.
